Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən və hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bütün ekoloqlar və ekoloji təşkilatlar üçün qlobal diqqəti ekoloji problemlərə cəlb etmək, habelə ətraf mühitin qorunmasına yönəlmiş siyasi marağı və müvafiq tədbirləri stimullaşdırmaq üçün əsas vasitələrdən biridir.
AZƏRTAC xatırladır ki, ekoloji təqvim 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Seçilmiş tarix 5 iyun – İnsan Ətraf Mühitinə dair Stokholm Konfransının 1972-ci ildə başladığı gün idi və bundan sonra Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaradıldı.
Həmin günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və daha çox insanı planetin təbii həyat təminatı sistemlərinə artan təzyiqin kritik həddə çatmasının qarşısını almaq üçün tədbirlər görməyə təşviq etmək məqsədi daşıyır.
2050-ci ilə qədər quraqlıq dünya əhalisinin 75 faizdən çoxunu əhatə edə bilər
Təəssüf ki, Yer planetinin ekosistemləri uzun müddət istismar və məhv edilib. Dünya hər üç saniyədə bir futbol meydançası boyda meşə sahəsini itirir və planetin bataqlıq ərazilərinin və mərcan riflərinin yarısı ötən əsrdə məhv olub. Ekosistem itkisi dünyanı meşələr və torf torpaqları kimi karbon yuvalarından məhrum edir. Qlobal istixana qazları emissiyaları son üç ildir ki, ardıcıl olaraq artıb və planet potensial fəlakətli iqlim dəyişikliyinin bir addımlığındadır.
Atmosferin temperaturu insanlar və təbiət ona uyğunlaşa bilməyəcək qədər sürətlə yüksəlir; kiçilən yaşayış yerləri bir milyona yaxın növün itirilməsi ilə təhdid edir; biz isə havanı, torpağı və suyu çirkləndirməyə davam edirik. Bütün dünyada ekosistemlər təhlükə altındadır. Meşələrdən və quru ərazilərdən tutmuş əkin sahələrinə və göllərə qədər bəşəriyyətin asılı olduğu təbii məkanlar geri dönüşü olmayan nöqtəyə yaxındır. Planetin torpaqlarının 40 faizi deqradasiyaya uğrayıb və bu, dünya əhalisinin yarısına birbaşa təsir edir. 2000-ci ildən bəri quraqlıqların sayı və müddəti 29 faiz artıb. Təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin 75 faizdən çoxunu əhatə edə bilər. Üstəlik, COVID-19-un ortaya çıxması ekosistem itkisinin nə qədər fəlakətli nəticələri ola biləcəyini göstərdi. Heyvanların təbii yaşayış yerlərinin sahəsini azaltmaqla insanlar patogenlərin, o cümlədən koronavirusların yayılması üçün “ideal şərait” yaradıb.
Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü həm hər bir insan, həm də bütün dünya üçün bir hadisədir. 1972-ci ildə qeyd olunmağa başlayandan bəri bir çox ölkədə minlərlə insan ağac əkmək və vəhşi təbiət cinayətlərinə qarşı mübarizəyə qədər müxtəlif tədbirlər həyata keçirib. Bu illər ərzində müxtəlif ölkələrdən və sosial sektorlardan minlərlə insan ətraf mühitin qorunması üçün xüsusi tədbirlərdə iştirak edib. Həmin təqvim bu gün bizim hər birimizə planetimizin qayğısına qalmaq üçün məsuliyyət götürmək və dəyişikliklərə fəal töhfə vermək imkanı verir.
Yeri gəlmişkən, həmin bayram hər il müəyyən bir deviz altında keçirilir və günün mövzusu və əsas beynəlxalq tədbirlərin keçiriləcəyi yer BMT nümayəndələri tərəfindən müəyyən edilir.
Bu il Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü “Torpaqların bərpası, səhralaşma və quraqlığa davamlılıq” şüarı ilə qeyd edilir.
5 milyon ağacın 2,5 milyonu əkilib
Dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün ətraf mühitin çirklənməsinə səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.
Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən kütləvi ağacəkmə aksiyaları, reintroduksiya layihələri birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir.
Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür. Ətraf mühitin mühafizəsi tədbirlərində IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi də aktiv iştirak edir.
Son illər qarşıda duran əsas prioritetlər arasında azad edilmiş ərazilərin ətraf mühitinin bərpası ön sıradadır. Həmin ərazilər minalardan təmizləndikcə görülən işlərin miqyası da genişlənir.
Məlumdur ki, Prezident İlham Əliyevin keçən il dekabrın 25-də imzaladığı müvafiq Sərəncamla Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu il çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının həyata keçirəcəkləri Tədbirlər Planı hazırlanaraq təsdiqləndi. Orada ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, yaşıllıqların artırılması, maarifləndirmə, yeni milli parkların və xüsusi mikrotəsərrüfatların yaradılması və s. ilə bağlı tədbirlər var və artıq onların icrası ilə bağlı işlərə başlanılıb.
Tədbirlər Planında bu il ölkə üzrə 5 milyon ağacın əkilməsi nəzərdə tutulub. Yaz əkin mövsümündə artıq nəzərdə tutulan 5 milyon ağac və kol tinginin 2,5 milyonunun əkilməsinə nail olunub. Bu, əlbəttə ki, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi layihələr deyil, həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının birgə işidir.
Yeri gəlmişkən, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək layihələr sırasında milli parkların yaradılması ilə bağlı yeni layihələri də var. Yeni milli parklardan biri İlisu Dövlət Təbiət Qoruğunun ərazisində və onun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Digər milli parkın isə Qanıx çayı vadisində və Axar-baxar dağ silsiləsinin ərazisində yaradılması planlaşdırılır. İlin sonuna qədər həmin milli parkların yaradılması işlərinin yekunlaşdırılması nəzərdə tutulur.
Ötən ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının – COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar verildi. 2024-cü il noyabrın 11-dən 22-dək həmin tədbirə ev sahibliyi edəcək Bakı ətraf mühit və iqlim dəyişmələri sahəsində dünya üzrə keçirilən bütün müzakirələrin baş platforması və mərkəzi olacaq. Ölkə üzrə həmin tədbirə hazırlıqlar görülür.