Hər il martın 23-də Birləşmiş Millətlər Təşkilatının himayəsi, Ümumdünya Meteorologiya Təşkilatının təşəbbüsü ilə Ümumdünya Meteorologiya Günü qeyd olunur.
AZƏRTAC xatırladır ki, 1950-ci il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Konvensiyası qüvvəyə minib. ÜMT-nin yaranma tarixi onun sələfi Beynəlxalq Meteorologiya Təşkilatının (IMO) yaradıldığı 1873-cü il hesab olunur. 1951-ci ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumuna çevrilərək Ümumdünya Meteorologiya Təşkilatı adlandırılıb və o vaxtdan bəri meteorologiyanın beynəlxalq xarakterini daha dolğun şəkildə əks etdirib. Hazırda 187 dövlət və altı ərazi Ümumdünya Meteorologiya Təşkilatının üzvüdür.
İlk növbədə ÜMT hava, iqlim və su məsələləri ilə məşğul olur və onun tərkibinə daxil olan ölkələr uzun illərdir ki, uğurla əməkdaşlıq edir, atmosferin, qurunun, dənizlərin, okeanların, çayların, dənizlərin vəziyyəti haqqında operativ məlumat mübadiləsi aparırlar. Bunun əsasında təhlükəli hidrometeoroloji hadisələr haqqında hava proqnozları və xəbərdarlıqlar tərtib edilir.
ÜMT-nin əsas fəaliyyəti ölkələrə meteoroloji və hidroloji xidmətlərin göstərilməsində dəstək olmaqdır. BMT-nin digər agentlikləri və milli meteorologiya və hidroloji xidmətlərlə əməkdaşlıqda Ümumdünya Meteorologiya Təşkilatı bir sıra ekoloji konvensiyaların həyata keçirilməsini dəstəkləyir və əlaqədar məsələlər üzrə hökumətlərə məsləhət və qiymətləndirmələrin verilməsində mühüm rol oynayır. Bu cür fəaliyyətlər xalqların davamlı inkişafına və rifahına töhfə verir.
Ümumdünya Meteorologiya Gününün özü geniş ictimaiyyət arasında iqlim dəyişikliyinin mümkün nəticələri barədə məlumatlılığı artırmaq üçün keçirilir. Həqiqətən də bu gün sürətli iqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən ciddi ekoloji problemlərdən biridir. Bu, nəinki hava şəraitinin dəyişməsi, temperaturun artması/azalması ilə özünü göstərir, həm də daşqınlar, quraqlıqlar, sunamilər və s. kimi dağıdıcı fəlakətlərə səbəb olur. Son onillikdə toplanmış statistika aydın şəkildə göstərir ki, bütün təbii fəlakətlərin 80 faizdən çoxu meteoroloji və ya hidroloji mənşəlidir.
Ümumdünya Meteorologiya Gününün builki devizi “İqlim fəaliyyətinin cəbhə xəttində” adlanır.
Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətidir.
Hidrometeoroloji Proqnozlar Bürosu Milli Hidrometeorologiya Xidmətinin operativ bölməsidir. Büronun əsas fəaliyyət istiqaməti əhalini gözlənilən hava şəraiti haqqında məlumatla təmin etmək, təhlükəli və kritik hava şəraitinin insanların həyat və fəaliyyətində yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə ictimaiyyəti, aidiyyəti təşkilatları, dövlət qurumlarını əvvəlcədən xəbərdar etməkdir.
Hidrometeoroloji proqnozların əsasını ilkin müşahidə məlumatları təşkil edir. Ölkə ərazisini əhatə edən hidrometeoroloji müşahidə şəbəkəsindən gündəlik operativ olaraq hər 3 saatdan bir meteoroloji parametrlər (havanın temperaturu, şeh nöqtəsinin temperaturu, külək, görünüş məsafəsi, rütubətlik, atmosfer təzyiqi, buludluluq, atmosfer hadisələri və s.) üzrə müşahidələr, eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən stansiyalardan dəniz hidrometeoroloji müşahidələri (dənizin səviyyəsi, dalğalanma rejimi, suyun temperaturu və s) haqqında məlumatlar alınaraq təhlil edildikdən sonra gündəlik icmallarda və proqnozlarda istifadə olunur.
Hidrometeoroloji müşahidə şəbəkəsini quruda 84, dənizdə isə 9 stansiyadan təşkil olunub. Son dövrlərdə müasir meteoroloji tələblərə uyğun olaraq insan fəaliyyəti nəticəsində yaranan xətaların minimuma endirilməsi məqsədi ilə meteoroloji müşahidə şəbəkəsinin çox hissəsi avtomatlaşdırılıb. Belə ki, quruda fəaliyyət göstərən hidrometeoroloji stansiyalardan 51-i, dənizdə olan stansiyalardan isə 4-ü avtomat stansiyalarla əvəz olunub.
Proqnozların tərtibi zamanı TURKMETCAP sistemindən, riyazi proqnoz modellərindən (NWP), peyk məlumatlarından, sinoptik xəritələrdən və radar məlumatlarından istifadə olunur. Bütün bunlarla yanaşı ölkə ərazisində erkən xəbərdarlıq sistemi yaradılıb. Erkən Xəbərdarlıq sistemi vasitəsilə qısamüddətli və ortamüddətli hava proqnozlarına dəqiqləşmə, çox qısamüddətli hava proqnozları (Nowcasting), gözlənilən təhlükəli atmosfer hadisələri barəsində xəbərdarlıqlar hazırlanır.