Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.
AZƏRTAC zəlzələ ilə əlaqədar yaradılmış operativ qərargahın məlumatına istinadla xəbər verir ki, ölüm hallarının 113-ü Qansu vilayətində, 13-ü isə qonşu Çinhay vilayətində qeydə alınıb. Yeraltı təkanlar nəticəsində Qansuda 536 nəfər, Çinhayda isə 182 nəfər xəsarət alıb, 20 nəfər itkin düşmüş sayılır.
Episentri Qansu vilayətinin Cişişan rayonu olan zəlzələ bölgədə 155 min 393 evin dağılmasına səbəb olub.
Qeyd edək ki, dekabrın 18-də yerli vaxtla 23:59-da baş verən zəlzələnin ocağı yer səthindən 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentrindən 50 kilometr radiusda yerləşən 22 qəsəbədə evlərə, infrastruktura, avtomobil yollarına ciddi ziyan dəyib.
Zəlzələdən sonra 3-4,9 bal gücündə 9 afterşok qeydə alınıb. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır. Bu əməliyyatlara hərbçilər də cəlb olunub.