Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Səid Səfərovun və Xəzər dənizinin səviyyə problemləri şöbəsinin böyük elmi işçisi Elnur Səfərovun birgə müəllifliyi ilə “Volqa çayının hidroloji rejimində baş verən dəyişikliklər və onun Xəzər dənizinin səviyyə dəyişmələrinə təsiri” (Changes in the Hydrological Regime of the Volga River and Their Influence on Caspian Sea Level Fluctuations) adlı məqalə y beynəlxalq “WATER” (İsveçrə) jurnalında dərc olunub. “Web of Science” bazasında indekslənən jurnalın təsir əmsalı 3,78-dir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Müəlliflər tədqiqatda 1938-2020-ci illərin məlumatlarına əsasən, Volqa çayında baş verən hidroloji dəyişikliklər və onların Xəzər dənizinin səviyyəsinə təsirini araşdırıblar. Təhlillər Volqa çayının yüksək axını ilə onun hövzəsində artan atmosfer yağıntıları arasında korrelyasiya olduğunu aşkar edib. Bununla belə, son illərdə (2005-2020-ci illər) Yuxarı Lebyaje hidroloji stansiyasının məlumatlarına əsasən, Volqa çayında axım əmsalının kəskin azalması aşkar edilib.
Havanın istiləşməsinin çay axınına və dəniz səviyyəsinə təsiri kəmiyyətcə qiymətləndirilib, nəticədə 1977-ci ildən 2020-ci ilə qədər – 23 il müddətində dəniz səviyyəsində 133 santimetr azalma olduğu müəyyən edilib. Xəzər dənizinin səviyyəsinin dəyişməsi 2005-ci ilə qədər Volqa çayının axınındakı dəyişmələri əks etdirib, 2006-cı ildən isə Volqa çayının axım əmsalının azalması fonunda dəniz səviyyəsinin daha kəskin enməsi müəyyən edilib ki, bu da külək rejimində baş verən dəyişiklərlə əlaqədardır.