COP28 nümayəndələri

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konvensiyası (UNFCCC) tərəfindən Bonnda təşkil olunan konfransın yekununa dair bəyanatla çıxış edən COP28-in baş icraçı direktoru Adnan Aminin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti bildirib ki, Azərbaycanda baş tutacaq növbəti mötəbər tədbirdə adekvat, əlverişli və əlçatan dəstəyi səfərbər edən yeni maliyyə hədəfi yaradılacaq.

AZƏRTAC rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, COP28-in nümayəndə heyəti Bonn iqlim dəyişikliyi konfransında iştirakını uğurla başa vurduğunu, bu müddət ərzində tərəfləri iqlim ambisiyalarını yüksəltməyə və tarixi BƏƏ Konsensusu çərçivəsində konkret irəliləyiş əldə etməyə çağırdığını bildirib.

Bəyanatda qeyd olunub ki, iyunun 3-dən 13-dək keçirilən Bonn konfransı COP-lar arasında orta mərhələni qeyd edir. Tərəflərin nümayəndələri bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq çərçivəsində konfransda iştirak ediblər. Açılış sessiyasında çıxış edən Adnan Amin COP28 zamanı Dubayda əldə edilmiş tarixi nəticələrə əsaslanmağı vacib amil kimi qiymətləndirib və COP29-da adekvat, əlverişli və əlçatan dəstəyi səfərbər edən yeni maliyyə hədəfinin yaradılması üçün bu il tələb olunan kritik fəaliyyətin əhəmiyyətindən bəhs edib. O, tərəfləri öz ambisiyalarını yüksəltməyə və BƏƏ Konsensusunun məqsədlərinə çatmağa təşviq edərək, 1,5 dərəcə Selsi məqsədinə nail olmaq, habelə qlobal dayanıqlığı qurmaq üçün kursun dəyişdirilməsinin vacibliyini bildirib. BƏƏ nümayəndəsi əlavə edib ki, bunun üçün elmin və texnologiyanın ən son nailiyyətlərindən istifadə olunmalıdır.

Agentliyin məlumatında diqqətə çatdırılıb ki, COP prezidentlikləri üçlüyünün, həmçinin nümayəndə heyətlərinin ilk qeyri-rəsmi məsləhətləşməsi keçirilib. Görüşdə davamlı kənd təsərrüfatı, dayanıqlı qida sistemləri və iqlim fəaliyyəti üzrə COP28-in BƏƏ Bəyannaməsinin həyata keçirilməsini dəstəkləmək üçün nəzərdə tutulmuş texniki qrupun qarşıdakı COP29 konfransında fəal iştirakının vacibliyi vurğulanıb.

Bəyanatda qeyd edilib: “Konfrans boyu COP28 rəsmiləri möhkəm və həssas yeni maliyyə hədəfinin zəruriliyini vurğuladılar və tərəfləri bu əsas sahədə əhəmiyyətli irəliləyişə nail olmağa, Bakıda COP29-un ən yüksək səviyyədə uğurunu təmin etməyə çağırdılar. Yeni Kollektiv Kəmiyyətli Məqsəd (NCQG) üzrə X Texniki Ekspert Dialoqunda iştirak edən COP28 baş müzakirəçisinin müavini Ömər Əl Braiki kollektiv ambisiyamızı və prioritetləri həll etmək öhdəliyini əks etdirən möhkəm, hərtərəfli və məsuliyyətli proqram təqdim edilməsinin zəruriliyini vurğuladı.

Bu il iqlim dəyişikliyi, biomüxtəliflik və səhralaşmaya həsr olunmuş əsas qlobal görüşlər ərəfəsində və üç Rio Konvensiyası fonunda COP28 və COP29 sədrlikləri inteqrasiya olunmuş tədbirlərin həyata keçirilməsi yollarını müzakirə etmək üçün Çin, Kot-d’İvuar, Kolumbiya və Braziliyanın nümayəndələri ilə müzakirələr apardılar.

COP28-in əsas nəticəsi gəncləri iqlim fəaliyyətinin mərkəzinə qoyaraq BƏƏ Konsensusu çərçivəsində Gənclik İqlim Çempionunun institusionallaşdırılması oldu. COP29 və YOUNGO ilə yanaşı, COP28-in Rəyasət Heyəti tərəfdaşları gənclərə diqqət yetirən, onların tələblərinə daha çox önəm vermə yollarını müzakirə edən, tərəqqini qiymətləndirən və gənclərin beynəlxalq iqlim siyasəti proseslərinə daxil edilməsində boşluqları müəyyən edən tərəfdaşları bir araya topladı”.

Əvvəlki məqaləCOP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib
Növbəti məqalədəCOP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib