“COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” - Növbəti panel

“Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum çərçivəsində “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” adlı panel təşkil olunub.

AZƏRTAC xəbər verir ki, jurnalist Ətayə Ələmdarqızının moderatorluğu ilə keçən panel müzakirədə Azərbaycan Hotel Assosiasiyasının İcraçı direktoru Günay Sağlam COP29-un Azərbaycanda keçirilməsini çox mühüm bir hadisə kimi dəyərləndirib. O, ölkəmizin tanıdılması və daha da inkişaf etdirilməsində bu tədbirin böyük rolu olacağını vurğulayıb.

Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi çıxışında vurğulayıb ki, Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Bu il COP29 əlaqədar turizm sahəsindən gözləntilərimiz daha çoxdur.

“Postpandemiyadan sonra bərpa prosesləri dinamik formada davam edir. Ekologiya sahəsində yüksək inkişaf etmiş ölkə kimi tanınan Azərbaycanda COP29 tədbirinin keçirilməsi böyük uğurdur. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq”, – deyə assosiasiya sədri bildirib.

Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev COP29-un keçirilməsinin qlobal təhlükəsizliyə töhfə verəcəyini deyib: “Bildiyiniz kimi, Azərbaycan yaşıl enerjiyə böyük əhəmiyyət verir. Biz bunu Qarabağ və Şərqi Zəngəzurda müşahidə edə bilərik. Azərbaycan stabil ada, ölkə statusuna malikdir”.

“Turizm.az” şirkətinin rəhbəri Nəsimi Kərimov diqqətə çatdırıb ki, COP29-un keçiriləcəyi iki həftə ərzində qonaqlar regionlara üz tutacaqlar. Onun sözlərinə görə, burada ən mühüm məqam isə bələdçilərin üzərinə düşür.

Panel müzakirədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əvvəlki məqalə2027–ci ildə ölkəmizdə yaşıl enerji istehsalı 30 faizə çatdırılacaq
Növbəti məqalədəHər il yanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günü qeyd olunur