Azərbaycanın konstruktiv dialoq istiqamətində atdığı addımlar iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə tam uyğun gəlir.
Bunu AZƏRTAC-a açıqlamasında pakistanlı iqtisadçı, strateji kommunikasiyalar üzrə beynəlxalq ekspert, COP28-in iştirakçısı Qayser Nəvvab söyləyib.
Ekspert bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin Azərbaycana verilməsi ölkə üçün mühüm amildir. Bu addım Azərbaycanın misilsiz qonaqpərvərliyi ilə bərabər, beynəlxalq forumların təşkilində müstəsna təcrübəyə malik olduğunu göstərir.
Q.Nəvvab vurğulayıb ki, son illər həyata keçirilən islahatlar Azərbaycanın imkanlarının regional səviyyədən qlobal müstəviyə daşıyıb, xüsusilə ekoloji problemlərin həllinə şərait yaradıb.
Ekspert deyib ki, Azərbaycanın “yaşıl enerji”yə keçidə kompleks yanaşması iqtisadi artımın və elektrik enerjisinə artan tələbatın səbəb olduğu dəyişən enerji mənzərəsində özünü göstərir. Ölkənin dayanıqlı enerjiyə diqqəti “yaşıl enerji”ni təşviq edən və istixana qazı emissiyalarını azaldan xarici siyasət təşəbbüsləri vasitəsilə beynəlxalq miqyasda yayılır.
“Azərbaycan enerji infrastrukturunun sürətli modernləşdirilməsini həyata keçirir. 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faiz azaldılmasını planlaşdıran rəsmi Bakı öz gələcəyini qlobal davamlı inkişaf məqsədlərinə uyğun olaraq fəal şəkildə formalaşdıran nümunəvi modeldir”, – deyə Q.Nəvvab diqqətə çatdırıb.
Ekspertin sözlərinə görə, “EU4Energy” proqramı ilə əməkdaşlıq Azərbaycanın davamlı bərpaolunan enerji istehsalı istiqamətində irəliləyişini daha da gücləndirir və iqlim problemlərinin həllində beynəlxalq tərəfdaşlığa sadiqliyini nümayiş etdirir.
“COP29-a ev sahibliyi ölkəni iqlim dəyişikliyi ilə qlobal mübarizədə əsas oyunçulardan biri kimi önə çıxarmaqla yanaşı, həm də enerji keçidi və davamlı təcrübələr sahəsində nailiyyətlərini nümayiş etdirmək imkanı verəcək. Tədbir qlobal temperatur artımının məhdudlaşdırılması kimi mühüm məqsədə nail olmaq üçün zəngin dialoq və birgə fəaliyyət üçün platforma rolunu oynayacaq”, – deyə Qayser Nəvvab fikirlərini yekunlaşdırıb.