COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası

Bu il noyabrın 11-22-də ölkəmizdə təşkil ediləcək mötəbər COP29 tədbirinin təşkili istiqamətində aparılan çoxşaxəli hazırlıq tədbirlərinin icrası ilə yanaşı aktual iqlim problemlərinə cəmiyyətin diqqətinin cəlb olunması və gənclərin iştirakı ilə ekoloji maarifləndirmə istiqamətində də müvafiq təşəbbüslər həyata keçirilir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, çimərlik mövsümünün başlaması ərəfəsində, iyunun 14-də COP29 Könüllülük Proqramının üzvlərinin iştirakı ilə Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası təşkil edilib.

Tədbir “Ümumdünya Təmizlik Günü” sosial kampaniyası çərçivəsində reallaşdırılıb. 150-dən artıq könüllünün qoşulduğu aksiya ətraf mühitin mühafizəsi istiqamətində məsuliyyətliliyin təbliği ilə yanaşı könüllülərdə komanda ruhunun inkişafına xidmət edən xüsusi yarış formatında təşkil olunub. Qalib komanda və onun iştirakçıları müvafiq sertifikatlarla təltif ediliblər. Aksiya nəticəsində ümumilikdə toplanan 1501 kiloqram tullantı ekoloji tələb və normalara müvafiq şəkildə utilizasiya prosesinin təmin edilməsi məqsədilə təkrar emala yönləndirilib. Təmizlik aksiyasından sonra isə COP29 Könüllüləri arasında ekoloji vərdişlərin artırılması məqsədilə eko-təlimlər və bir sıra tədbirlər təşkil edilib.

Aksiyanın əsas məqsədi gəncləri ətraf mühit, o cümlədən dənizətrafı sahələrin mühafizəsinə cəlb etməklə ekoloji və sosial məsuliyyətin, ictimai gigiyena vərdişlərinin təbliğində nümunəvi davranışları nümayiş etdirmək, eyni zamanda, dəniz zolaqlarının mühafizəsinin aktuallığı kontekstində qlobal fəaliyyətin sürətləndirilməsinin vacibliyinə bir daha diqqətin cəlb olunmasıdır.

Qeyd edək ki, bu növ aksiyalar sahillərin faktiki təmizlənməsindən daha böyük əhəmiyyət kəsb edir. Müxtəlif sahələrdən olan gənclərin vahid məqsəd ətrafında bir araya gəlməsi, iqlim problemlərinin həllinin başlıca şərti olan əməkdaşlıq ruhunun inkişafına, planetimizin mühafizəsi ətrafında birləşərək real nəticələrin əldə olunmasına töhfədir.

Əvvəlki məqaləCOP28 nümayəndələri: COP29-da adekvat, əlverişli və əlçatan dəstəyi səfərbər edən yeni maliyyə hədəfi yaradılacaq
Növbəti məqalədə“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub