COP29 Məlumat Mərkəzində maarifləndirmə məqsədilə həftə sonları keçirilən silsilə tədbirlərin davamı olaraq avqustun 17-də və 18-də interaktiv sessiyalar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, iqlim, ekologiya, dayanıqlı gələcək və inklüzivlik mövzularına həsr edilən sessiyaların birinci günü uşaqların bu mövzularda məlumatlılığının artırılması məqsədilə yaradıcı master-klaslar, ikinci günü isə müvafiq sahələrdən olan ekspertlərin iştirakı ilə trend-sessiya təşkil edilib.
Sessiyanın ilk günündə uşaqlar üçün dayanıqlı həyat tərzi üzrə praktiki bacarıqların formalaşdırılmasına yönələn “Orqanik məktəb” master-klasları, həmçinin ətraf mühitin mühafizəsi məsələlərini kreativ şəkildə canlandıran “Plastik və balıqlar” və “Ağaca suallar” adlı immersiv şoular keçirilib. Tədbirdə uşaqlar planetimizin üzləşdiyi ekoloji problemlər, onların həllində hər bir fərdin üzərinə düşən məsuliyyət və dayanıqlı təşəbbüslərin vacibliyi barədə məlumatlandırılıb.
Tədbirin ikinci günü keçirilən inklüzivlik mövzusunda müzakirə sessiyası isə müvafiq sahələri təmsil edən ekspertlərin iştirakı ilə iqlim və inklüzivliyin sağlam həyat tərzi, təhsil, incəsənətlə sıx əlaqəsinin vurğulanmasına yönəlib. Trend-sessiyada iqlim dəyişikliyinin xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri, iqlim dəyişikliyi ilə mübarizədə göstərilən qlobal səylərdən heç kimin kənarda qalmamasını təmin etmək üçün dayanıqlı təşəbbüslər, inklüziv siyasət və təcrübələrin iqlim fəaliyyətinə inteqrasiyasına dair anlayışlar barədə müzakirələr aparılıb.
“EkoSfera” Sosial-Ekoloji Mərkəz İctimai Birliyinin təşkilatçılığı və birliyin rəhbəri Firuzə Sultanzadənin moderatorluğu ilə keçirilən sessiyada ekspert qismində iştirak edən Azərbaycan Sahibkarlar və İşəgötürənlər Təşkilatları Konfederasiyasının Baş katibi, “Birgə və Sağlam” İctimai Birliyinin Məşvərət Şurasının sədri Natəvan Məmmədova, “DanceAbility Azerbaijan” inklüziv rəqs mərkəzinin təsisçisi Nigar Sultanova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin psixoloqu Günel Abdullayeva bilik və təcrübələrini bölüşüblər.
Müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda “DanceAbility” metodu üzrə qurulan inklüziv rəqs performansı nümayiş etdirilib.