“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli

COP29-un əsas özəlliyi ən inklüziv konfrans olmasıdır, ev sahibi kimi Azərbaycan ada dövlətlərinin, Qlobal Cənub, Karib hövzəsi ölkələrinin, Afrika qitəsinin geniş təmsilçiliyini təmin etdi. COP29-da iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi ki, bu da rekord göstəricidir. Azərbaycan mükəmməl təşkilatçılıq bacarıqları nümayiş etdirərək hər kəs üçün rahat, təhlükəsiz, funksional mühit yaratmağa nail oldu. Təsadüfi deyil ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli səsləndirib.

Onun sözlərinə görə, ilk dəfə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə 100 ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyasının yaradılması bir sıra ölkələrin Azərbaycana qarşı qarayaxma kampaniyası aparmasına ən tutarlı cavabdır, tərs sillədir: “Koalisiyadakı QHT-lərin 84 faizi Qlobal Cənub təmsilçisidir. COP29-da təmsil olunan 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan Qlobal Cənub QHT Platformasının yaradılması barədə bəyanata qoşulub. COP29 Qlobal Cənubun səsinin daha güclü eşidildiyi beynəlxalq tribuna oldu, ada dövlətləri və xalqları ilk dəfə öz problemlərinin bəyanı üçün bu cür geniş imkanlar əldə etdilər”.

Siyasi şərhçi bildirib ki, Azərbaycanın belə mötəbər tədbirə uğurla təşkilatçılıq etməsi ölkəmizin beynəlxalq münasibətlərdə nüfuzunu daha yüksək zirvəyə qaldırdı: “COP29 yüksək təşkilatçılıq səviyyəsi ilə seçildi. Təhlükəsizlik, logistika, qonaqlama, kommunikasiya sahəsində bütün detallar düşünülmüşdü. Ölkəmiz öz potensialını maksimum nümayiş etdirə bildi. Azərbaycan bu cür yüksək təşkilatçılıq, ən yeni həllər tətbiq etməklə, yeni viziyonla əlçatanlığı, funksionallığı maksimum təmin edərək özünü müasir, dinamik inkişaf edən, dünya ilə ayaqlaşan ölkə kimi tanıtdı. Azərbaycan dünyanı narahat edən məsələlər, iqlim dəyişiklikləri, yaşıl keçid, qlobal logistika, müstəmləkəçiliyə qarşı mübarizə, Şimal-Qlobal dialoqu məsələlərində qlobal gündəliyin formalaşmasında rola, təsirə malik ölkə statusu əldə edərək strateji dəyərini, imkanlarını artırdı. Azərbaycanın dostlarının, ölkəmizin tərəfdaşlarının sayı artdı, bütün dünya 12 gün ərzində Azərbaycandan xəbər verdi. Bir sözlə, müstəqillik dövrümüzün ən böyük tədbiri uğurla keçirildi”.

QHT sədri qeyd edib ki, COP29 konfransında bütün dünya ekologiyadan, yaşıl dünyadan pafosla danışan inkişaf etmiş ölkələrin gerçək üzünü gördü: “Azərbaycan Prezidenti COP29 Liderlər Sammitində bunu çox açıq və güclü şəkildə vurğuladı. Bu yalnız Azərbaycanın deyil, Qlobal Cənub ölkələrinin yanaşmasının bəyanı idi. COP29-da Qlobal Cənubun real ehtiyacları və Qlobal Şimalın etinasızlığı daha aşkar şəkildə nümayiş olundu. Məlum oldu ki, aparıcı Qərb ölkələri öhdəliklərinə əməl etmək istəmirlər, Qlobal Cənubla Qlobal Şimal arasında səmərəli dialoq qurulmasına çalışan, konfransın maksimum nəticə verməsi üçün bütün resurslarını səfərbər edən Azərbaycan isə məqsədli şəkildə hədəfə gətirilir. Bu qərəzli münasibət hələ ötən ilin dekabr ayında – Azərbaycanın ev sahibi olması barədə qərar verilərkən başlanmışdı və proses bütün hazırlıq dövründə davam etdi, indi isə daha da güclənib. COP29-da beynəlxalq ictimaiyyətin təzyiqləri ilə aparıcı Qərb ölkələri güzəştə getməli oldular. Eyni zamanda, inkişaf etməkdə olan ölkələr də iddialarını yumşaltdılar. Bu razılaşmanın Azərbaycanın sədrliyi ilə əldə olunması isə tarixə yazıldı”, – deyə o bildirib.

Əvvəlki məqaləSOCAR: Etilen-polietilen zavodunun modernləşdirilməsi ilə təbii qaza qənaət və emissiyaların azaldılmasına nail olunur
Növbəti məqalədəKüləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib