Ölkəni dünya birliyi üçün cəlbedici edən əsas cəhətlərdən biri onun beynəlxalq imicidir. Beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin iqtisadi imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. İndiyədək Azərbaycanda çoxsaylı beynəlxalq təşkilatların siyasi, iqtisadi və humanitar mövzularda mühüm tədbirləri keçirilib. Əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır. Bu il Azərbaycan ən böyük beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. COP 29-un ölkəmizdə keçirilməsi mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BDU-nun Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev söyləyib. Ə.Mirzəyev bildirib ki, COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq. Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə birlikdə işləmək üçün böyük imkanları var. COP29 Azərbaycanda və dünyada iqlim dəyişikliyinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində fəal rol oynayır. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir.
“COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş kimi statusunu bir daha təsdiqləyir”, – deyə Ələkbər Mirzəyev bildirib.