Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş onlayn seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Gəncə Nəbatat Bağının direktoru Nazim Nağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji mühitin qorunması istiqamətində görülmüş işlər barədə məlumat verib, habelə işğaldan azad edilmiş torpaqların “Yaşıl enerji” zonası elan edilməsinin və COP29 kimi mötəbər bir forumun Azərbaycanda keçirilməsinin önəmini vurğulayıb.
Dendrologiya İnstitutunun direktoru vəzifəsini icra edən dosent Minarə Həsənova ətraf mühitin qorunması, o cümlədən iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində milli, regional, qlobal səviyyədə aparılan işlərə dövlətimizin dəstəyi və töhfəsindən söz açıb. O, iyunun 6-7-də “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “İqlim dəyişkənliyi şəraitində təbii floranın müasir vəziyyəti və biomüxtəlifliyin qorunması” mövzusunda forum keçiriləcəyini deyib.
Seminarda Gəncə Nəbatat Bağı və Dendrologiya İnstitutunun elmi əməkdaşları məruzələrini təqdim ediblər.
Sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dendrologiya İnstitutunda müxtəlif formatlı tədbirlər keçirilir.