BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsindən istifadə edərək Ermənistandan ölkəyə gələn çayların zəhərlənməsi məsələsinə diqqət cəlb edilməlidir.
“Report” xəbər verir ki, bunu deputat Asim Mollazadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatları ilə bağlı problem var: “Azərbaycanı səhra kimi düşünməliyik. Səhrada bu gün kənd təsərrüfatı məhsullarının istehsalı üçün yeni texnologiyalar tətbiq edilir, biz də buna keçməliyik. Suvarma ilə bağlı da çox böyük problemimiz var. Biz düşünməliyik ki, hansı istiqamətdə inkişaf edək. Biz su ehtiyatlarımızı köhnə texnologiyalarla işlədiyimizə görə itiririk. Bu istiqamətdə müvafiq beynəlxalq təşkilatların diqqətini cəlb etməliyik”.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov deputatın fikrinə cavab olaraq. bildirib ki, Azərbaycanda meliorasiya sahəsində yeni texnologiyaların tətbiqi üçün işlər aparılır:
“Meliorasiya sahəsində müasirlik, yeni texnologiyalar tətbiq edilməlidir. Bu sistem çox köhnə sistemdir. Sovet dövründən mərkəzləşdirilmiş iqtisadiyyat üzərində qurulmuş bir qurumdur. O vaxt 1 700 su istehlakçısına xidmət edilirdisə, bu gün 600 mindən çox su istehlakçısı var. Bu sistem tamamilə yenidən qurulub sözügedən sahəyə uyğunlaşdırılmalıdır. Bu sahədə də işlər gedir. Azərbaycan Prezidentinin 2020-ci ildə imzaladığı Sərəncama görə, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiyası yaradılıb. Həmin komissiyada bir sıra aidiyyatı qurumların rəhbərləri təmsil edilir. Üç il ərzində müzakirələr aparılıb. Bir sıra tədbirlərin icrasına başlanılıb. Mütəmadi olaraq bu tədbirlər davam etdiriləcək”.