Qazax rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodundan havaya tüstünün yayılması ilə bağlı bu günlərdə sosial şəbəkələrdə yayılan görüntü Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və məlum olub ki, həmin videogörüntü bu ilin avqust ayında çəkilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, avqust ayında xidmətin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı 28 saylı yol istismarı idarəsinin balansında olan asfalt zavodundan havaya tüstünün atıldığı müəyyən edilib.
Araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olduğu, lakin filtrlərinin dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tüstünün yayıldığı məlum olub və faktla bağlı akt tərtib olunub. Zavodun rəhbərliyinə məcburi göstəriş verilib və fəaliyyəti müvəqqəti dayandırılıb.
Noyabrın 17-də asfalt zavodun qaz-toz tutucu qurğusunun filtrləri dəyişdirilib.