Bonn şəhərində təşkil olunan BMT-nin Beynəlxalq İqlim Konfransı Azərbaycanın COP29 sədrliyi üçün böyük əhəmiyyət daşıyır. Belə ki, Azərbaycanın COP29 sədrliyi məhz bu konfransla liderliyi qəbul edir və ilk dəfə tərəflər arasında danışıqlar prosesinə qeydiyyata alınmaqla start verilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri beynəlxalq konfransda iştirak edən COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan bu ilin ilk beş ayında COP29 çərçivəsində dinləmə və araşdırma mərhələsində olsa da, indi artıq aktiv liderlik mərhələsinə qədəm qoyur. Bu konfransda Azərbaycanın COP29 sədrliyi prosessual, intellektual və təşkilati cəhətdən proseslərin tam mərkəzində mövqe tutur.
E.Sultanov bildirib ki, COP29 qlobal iqlim müzakirələrinə istiqamət və nizam vermək üzərində qurulmuş bir institutdur və Azərbaycan tərəfi fəal şəkildə müzakirələrdə həm iştirak edir, həm də mövzuları müəyyənləşdirir. Danışıqların aparılması ilə yanaşı, mühüm istiqamətlərdən biri COP29 sədrliyinin fəaliyyətidir və Bonn konfransı çərçivəsində Azərbaycan çoxlu sayda tədbirlər, təşəbbüslər və təqdimatlar həyata keçirir. Eyni zamanda, bu konfrans iştirakçılara sədrliyin fəaliyyəti barədə məlumat əldə etmək üçün uyğun bir platformadır.
Bu ilin noyabr ayında COP29 çərçivəsində Azərbaycana on minlərlə insanın üz tutacağını vurğulayan icraçı direktor qeyd edib ki, sədrlik üçün logistika məsələləri xüsusilə diqqətdə saxlanılır, çünki substantiv məsələlər qədər logistik məsələlər də mühüm əhəmiyyət kəsb edir. Nəhayət, piar və media tanıtımına ayrıca diqqət ayrılır, çünki dünyada iqlim böhranının həllinə COP29 çərçivəsində töhfə vermək Azərbaycanın milli maraqlarına xidmət etməyin ən uğurlu yoludur.