Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) Pirşağıda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Aksiya zamanı Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində Pirşağının torpaq-iqlim şəraitinə uyğun tarlaqoruyucu meşə zolağı kimi 300 ağac əkilib.

Ağacəkmə aksiyasının iştirakçıları ölkəmizin COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndiriblər. Qeyd olunub ki, iqlim dəyişmələri artıq bütün dövlətlər qarşısında qlobal çağırış kimi dayanır. Bu baxımdan müxtəlif ölkələrin, beynəlxalq ictimaiyyətin üzərinə böyük iş və məsuliyyət düşür.

Aksiya iştirakçıları bildiriblər ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə prioritet təşkil edir və bu istiqamətdə böyük işlər görülür.

Aksiya çərçivəsində “Yağıntı sularının ekoloji və iqtisadi səmərəliliyi”, “Çirkab suların aqrotexniki suvarmada tətbiqi” ilə bağlı təqdimatlar nümayiş olunub.

Əvvəlki məqaləAzərbaycanın Müstəqillik Günündə Londonda qlobal iqlim dəyişikliyi ilə bağlı vacib müzakirə keçirilib
Növbəti məqalədə“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilib