İspaniyanın “Futuro Vegetal” ekologiya təşkilatının fəalları argentinalı futbolçu Lionel Messinin İbitsa adasındakı malikanəsinin fasadına boya töküblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki məlumatında deyilir.
“Malikanə futbolçunun hədsiz yüksək qiymətə – 11 milyon avroya aldığı qeyri-qanuni tikilidir. Əhalinin ən zəngin 1 %-i ən yoxsul əhalinin üçdə ikisi ilə eyni miqdarda karbon qazı emissiyasına görə cavabdehdir”, – “Futuro Vegetal” nümayəndələri iddia edirlər. Fəallar həmçinin malikanənin bağçasında çəkildiyi güman edilən fotoşəkillər də daxil olmaqla, bir sıra şəkillər paylaşıblar.
Qeyd edək ki, bundan əvvəl İspaniyada “Futuro Vegetal” tərəfdarları dəfələrlə etiraz aksiyaları təşkil ediblər. Onlar Madriddə hava limanının işini pozub, paytaxt yollarında nəqliyyatın hərəkətini bağlayıb, krallığın parlament binasına boya töküblər. 2022-ci ildə isə təşkilatın iki fəalı Madriddəki Prado Milli Muzeyində əllərini ispaniyalı rəssam Fransisko Qoyanın (1746-1828) “Çılpaq Maxa” və “Geyimli Maxa” rəsmlərinin çərçivələrinə yapışdırıblar.