İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin son altıncı elmi hesabatı göstərir ki, qlobal temperatur artımını 1,5°C-dən çox olmayan səviyyədə saxlamaq qlobal ümumi daxili məhsulun (ÜDM) artımını ildə təxminən onda biri (0,09-0,14%) və ya 2050-ci ilə qədər 2,6-4,2% yavaşladacaq.
Bunu “Report”a açıqlamasında London İmperial Kollecinin tədqiqatçısı, fəlsəfə doktoru Alaa Əl-Hurdaji deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, qlobal ÜDM artmağa davam edəcək: “Üstəlik, bu xərclər iqlim dəyişikliyinin təsirlərinin azaldılmasının iqtisadi faydalarını nəzərə almır. İtkilər ölkədən ölkəyə dəyişəcək və görülən tədbirlərdən asılı olduğundan dəqiq fikir bildirmək çətindir”.
“Bu qiymətləndirmə həyat tərzini, yaşayış vasitələrini, mülkiyyəti və infrastrukturu məhv edə biləcək iqlim dəyişikliyinin təsirlərinin azaldılması ilə bağlı iqtisadi faydaları nəzərə almır”, – o bildirib.
Tədqiqatçı hesab edir ki, qlobal istiləşmənin qarşısını almaq sağlamlıq, qida və su təhlükəsizliyi məsələlərində daha ciddi nəticələrin qarşısını almaq deməkdir.
Onun sözlərinə görə, belə bir addım gələcəkdə öz bəhrəsini verəcək.
Tədqiqatçı qeyd edib ki, meşələrin və təbii ekosistemlərin bərpası karbon qazının emissiyalarını azaltmağa kömək edəcək və ayrılan subsidiyaların məbləğindən daha az xərc tələb edəcək: “Meşələrin qırılmasının azaldılması və enerjidən daha səmərəli istifadə kimi emissiyaların azaldılması tədbirləri öz xərclərini üstələyən faydalar gətirəcək”.