Bu ilin qış aylarında Azərbaycanda köçəri və oturaq quşların say dinamikasını izləmək və quş növlərinin say trendlərini müəyyən etmək məqsədilə aparılan sayılma prosesi nəticəsində ölkəmizdə 750 minə yaxın qışlayan quş olduğu müəyyənləşdirilib. Görünən odur ki, say keçən ilə nisbətən 150 min azalıb. Nisbətən soyuq, qarlı qış müşahidə olunması xırda quşları necə deyərlər qorxudub və onların bir hissəsi gedib. Lakin çox sərt qış olmaması xeyli böyük quşların gəlməməsi ilə nəticələnib.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov deyib.
Cəmiyyətin direktorunun sözlərinə görə, təəssüf ki, quşların ənənəvi qışlama yerlərində, dəniz qırağında vəziyyət ürəkaçan deyil: “Xəzər dənizinin suyunun geri çəkilməsi nəticəsində su dayazlaşır. Nəticədə dalğıc ördəklər də dənizin içərilərinə doğru çəkilirlər və biz onları görmədiyimizdən sayılma prosesində nəzərə alınmırlar. Xüsusilə Qızılağac Milli Parkı ərazisində bir dənə də dalğıc ördəyi saya bilmədik. Bu, suyun çox dayaz olması ilə əlaqədardır. Dənizin çəkilməsi təbii ki, iqlim dəyişmələri ilə əlaqədardır. Nəticədə ən böyük su-bataqlıq ərazimiz olan Qızılağac Milli Parkında su çox dayazlaşıb və bir çox quşlar orada artıq yaşaya bilmirlər. Milli parkın ərazisində dəniz suyunun dərinliyi hətta yarım metr təşkil edir. Bu, dalğıc ördəklər üçün əlverişli deyil. Həmin quşlar ən azı 1-1,5 metr dərinliyi olan sularda yaşayırlar.
Ümumi sayılma prosesinin nəticəsinə əsasən hər zamankı kimi quru quşlarından ən çox bəzgəkə rast gəlinib. Belə ki, yetmiş mindən çox bəzgək qeydə alınıb. Su quşlarından isə qızılqaz, qırmızıbaş dalğıc və fitçi ördək kimi növlər üstünlük təşkil edib. Bundan əlavə, kifayət qədər çox qaşqaldaq müşahidə olunub. Onların sayı ümumi sayın təxminən 15 faizinə bərabər olub”.