Biz dünyanı itirməkdəyik. Hazırda 54 milyard kubmetr karbon qazından danışırıq. Səthin temperaturu 1.1 C dərəcə artıb. Alimlər qısamüddətli təbii hadisələr barədə bizi məlumatlandırırlar. İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil. Çünki dünya bu təbii sərvətlər hesabına meydana gəlib.
AZƏRTAC xəbər verir ki, bu fikri 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil edilən “Yaşıl dünya naminə həmrəylik – COP29” adlı təqdimatda Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov söyləyib.
“Bir tərəfdən deyirik ki, qaz bizim dünyamızı məhv edəcək. Lakin ölkələri ayırd edirik, bu, düzgün deyil. Azərbaycan yalnız neft-qaz sahəsini inkişaf etdirmir, eyni zamanda, enerji təhlükəsizliyinə töhfə verir”, – deyə COP29-un baş icraçı direktoru vurğulayıb.
O deyib ki, mövcud iqlim sazişlərində ayrı-seçkilik görə bilərik. Məsələn, Paris sazişində yalnız 4 faiz tullantının Afrikadan olduğu bildirilir. Lakin ən çox əziyyət çəkən ölkələr məhz Afrika ölkələridir.