Azərbaycan Prezidentinin liderliyi ilə rəhbər şəxslər, müvafiq dövlət qurumları COP29-a ciddi hazırlaşırlar. Mən çox müsbət fikirdəyəm və əminəm ki, biz Bakıda Azərbaycanın sədrliyi ilə möhtəşəm COP29 tədbirinin şahidi olacağıq.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun baş katibi Cou Cinfen səsləndirib.
O, COP29-da bütün dünya ölkələrinin fəal iştirak edəcəyinə ümid bəslədiyini deyib.
Təmsil etdiyi Fondun dövlət orqanları, akademik təşkilatlar və özəl sektorla birlikdə Çinin COP29 tədbirində iştirakına məsul qurumlardan biri olduğunu vurğulayan Cou Cinfen deyib: “Biz COP29 çərçivəsində “yaşıl” və “mavi” tematik guşələr təşkil edəcəyik. COP29 konfransının uğurla keçməsini və onun iqlim məsələlərinin həllinə böyük inkişaf gətirməsini səbirsizliklə gözləyirik”.