BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) bütün dünyanın diqqət mərkəzindədir. Bu ən mühüm qlobal tədbirdir.
COP28 ötən il Dubayda keçirildi, bu il isə dünyanın gözü COP29-a ev sahibliyi edəcək Bakıdadır. Bütün dünya ölkələrinin dövlət rəhbərləri bir araya gəlib iqlim dəyişikliyi ilə bağlı məhz Bakıda həll yolları axtaracaqlar.
Bu fikirləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol IEA-nın qərargahında keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masadan sonra AZƏRTAC-a müsahibəsində deyib.
İcraçı direktor bildirib ki, bu il Azərbaycan beynəlxalq arenada ön plana çıxacaq və bütün dünyanın gözü Bakıya yönələcək. Bu Azərbaycan üçün, onun enerjisi, geosiyasəti üçün son dərəcə vacib bir toplantı olacaq. “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşəm, eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov və bugünkü dəyirmi masada iştirak etmiş COP29-un baş danışıqçısı Y. Rəfiyev ilə də görüşdüm. Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminik. Beynəlxalq Enerji Agentliyi olaraq Azərbaycana tam dəstək verməyə hazırıq”,- deyə IEA-nın icraçı direktoru F.Birol vurğulayıb.
Qeyd edək ki, məhz IEA-nın icraçı direktoru F.Birolun təşkilatçılığı ilə bu gün Parisdə Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilib.