COP29 iqlim sammiti ərəfəsində qlobal danışıqlar son 10 ildə dəyişməz qalan investisiyaların təmiz enerjiyə ayrılan payını artırmağa kömək etməlidir.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib.
O vurğulayıb ki, kasıb ölkələrin qlobal istiləşmə ilə mübarizəsinə kömək üçün maliyyənin artırılması və bu pulun onların arasında necə paylanacağı ilə bağlı müzakirələr davam edir.
“Noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkələr iqlim proqramlarının illik maliyyələşdirilməsinin yeni detallarını hazırlayırlar ki, bu da ən azı yüz milyard dollar təşkil edəcək. Bu mövzu BMT səviyyəsində mübahisələrə səbəb olub, çünki 2009-cu ildə qarşıya qoyulan və yoxsul ölkələrə 2022-ci ilə qədər ildə 100 milyard dollar ayırmağı nəzərdə tutan əvvəlki iqlim maliyyələşdirmə hədəfə nail olunmayıb”, – deyə Birol qeyd edib.
BEA rəhbəri qeyd edib ki, ekoloji təmiz enerjiyə qlobal investisiyalar əhəmiyyətli dərəcədə artır, lakin inkişaf etməkdə olan ölkələrə ayrılan vəsaitlərin həcmi 2015-ci ildən bəri ümumi məbləğin 15 faizi səviyyəsində dəyişməz olaraq qalır. Hazırda bu məbləğ təxminən 250 milyard dollar təşkil edir.
“Odur ki, fikrimcə, məhz bu, iqlim hədəfimizə nail olmaq yolunda bir qırılma xəttidir. Bu, Azərbaycandan və digər ölkələrdən olan həmkarlarımızla yüksək səviyyəli dialoqda əsas mövzu olacaq”, – deyən Fatih Birol əlavə edib ki, maliyyələşmə əsas məsələdir.