Bakı-Qazax magistral avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qədim “İpək yolu” üzərində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Aksiya iştirakçıları bölgənin torpaq-iqlim şəraitinə uyğun olan 4 min Eldar şamı əkiblər.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan ağacəkmə aksiyası üç gün davam edib. Bu müddət ərzində sözügedən ərazidə, ümumilikdə, 5450 ağac əkilib. Növbəti 5 gün ərzində isə əlavə olaraq 5000-dək ağacın əkilməsi nəzərdə tutulur.