Hacıqabulun Meyniman kənd sakini yaşadığı ərazinin faunasını zənginləşdirməyi qarşısına məqsəd qoyub.
AZƏRTAC xəbər verir ki, nadir çöl quşlarının Meynimanı məskən seçməsi üçün kənd sakini Fərid Süleymanov əlindəni gələni edir. O, hətta bu quşların sayının artmasına da nail olub.
İşindən zövq alan 29 yaşlı gənc bildirir ki, quşların yemlənməsi nə qədər çətin olsa da, bunu həvəslə edir.
“İnternet vasitəsi ilə xarici ölkələrdə insanların nadir çol quşlarına sevgisini görəndə məndə də bu işə həvəs yarandı. Düşündüm ki, kəndimizdə böyük gölün və meşəlik ərazinin olması bu quşları saxlamağa imkan verəcək. İlk dəfə 2021-ci idə bir cüt Qafqaz qırqovulunu gətirib kəndimizdəki meşəliyə buraxdım, sonra 15-ni… Daha sonra bu quşların sayının artdığını müşahidə etdim. Hansı ki, bu quşlar kəndimizi heç vaxt məskən seçməyiblər”, – deyə Fərdi Süleymanov bildirir.
Onun sözlərinə görə, bir müddətdən sonra kəndin ərazisində yerləşən gölə çöl qazı və ördəklər gətirib, burada onların məskən salmasına şərait yaradıb: “Göldə quşlara yuvalar hazırlamışam ki, yumurta qoyub bala çıxara bisinlər. Bu quşların yerli mühitə uyğunlaşması bir qədər çətin olsa da, bunu bacardım. İlk dəfə gətirdiyim iki cüt yaşılbaş ördəyin sayı indi 10-a çatıb. “Mandarin”, “Karalin” deyilən ördəklər bizim təbiətə məxsus olmayan ördəklərdir, amma indi onların sayı 16-a çatıb. Həmçinin anqutlar əraziyə xüsusi gözəllik verir. Ümumiyyətlə, gələcək planlarım çoxdur”.
İlk vaxtlar bu quşları evdə saxlamaq istəyən Fərid Süleymanov sonradan onları təbiətdə bəsləməyə üstünlük verib və beləliklə, quşlar da buranı məskən seçib. “Bütün sakinlər vəhşi təbiət quşlarını əzizləsələr, bizdən uzaq düşməzlər. Hər kəsi yaşadıqları ərazidə bu quşların sayının artırılmasına çağırıram”, – deyə o əlavə edir.
Hacıqabulda bir neçə kəndin ortasında yerləşən göldə bu gözəl mənzərəni görmək istəyənlər çoxdur. Gölün əlverişli şəraiti imkan verir ki, daha çox quşlar buranı məskən seçsin.