Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”) Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiqlənmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən aprelin 16-dan gənclər təşkilatları üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin məqsədi ümumi ekoloji maarifləndirmə və tərbiyə işinin təşkili, ekoloji sahədə könüllülük fəaliyyətinin genişləndirilməsi, COP29 – İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə vermək məqsədilə irəli sürülən təşəbbüslər, işğaldan azad olunmuş ərazilərdə törədilmiş ekoloji terrorun beynəlxalq müstəvidə tanıdılması üzrə təşəbbüslər, ekoturizmin inkişafı sahəsində tədbirlərin təşkili, iqlim həllərində rəqəmsal alətlərdən və süni intellektdən istifadənin təşviqi, yerli ekoloji problemlərin həllinə yönəldilmiş tədqiqatçılıq fəaliyyətinin təşviqi üçün gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində maliyyələşdirib onların səmərəli fəaliyyətini stimullaşdırmaqdır.
Müsabiqəyə təqdim olunmuş yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 min manatdan, beynəlxalq layihələr üzrə 15 beş min manatdan çox olmamalıdır.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları Fondun rəsmi internet saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidirlər;
Gənclər təşkilatlarının müsabiqə çərçivəsində yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim etdikləri yalnız bir layihənin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilir.
Layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycanda dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının respublika ərazisində həyata keçirdiyi fəaliyyət yerli layihələr; ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycanda dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət beynəlxalq layihələr kateqoriyasına aiddir;
Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Aşağıdakı resipiyentlərin (qrant alanların) müsabiqədə iştirakına yol verilmir:
Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
Fondun maliyyələşdirdiyi və icra müddəti bitən, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyənləşdirilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməyən qrant alanlar;
Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.
Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:
Müraciətlərə Gənclər Fondunun Müşahidə Şurasının 2022-ci il 6 iyul tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.
Dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının təqdim etdiyi layihələrin nizamnaməsinə əsasən fəaliyyət istiqamətinə uyğun təqdim edilən layihələrə üstünlük verilir;
Müraciət olunan layihələrin mövzulara uyğun olması, tədbirlərin daha geniş gənc kütləsini əhatə olunmasını, innovativ yanaşmalar nəzərdə tutan layihələrə üstünlük verilir.
Layihə təklifləri aprelin 16-dan başlayaraq təqdim edilə bilər. Son müraciət tarixi aprelin 30-udur.
Layihə ilə https://youthfoundation.az/ linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, layihələrin icra müddətinin başlamasının iyulun 1-dən nəzərdə tutulması tövsiyə olunur.