Göygöl şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Uşaq Səfirlər Məclisinin Göygöl, Daşkəsən, Goranboy, Samux, Xocalı, Kəlbəcər rayonları, Gəncə və Naftalan şəhərləri üzrə regional nümayəndələri və fəalları üçün “Ekoloji maarifləndirmədən başlayan yaşıl gələcək” mövzusunda təlim proqramı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyənləşdirib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi vacib məqamlardandır.
Sonra çıxış edən “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov yeni yaranan təşkilat haqqında məlumat verib. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyənləşdirən platformanın günün tələblərinə uyğun olan və uşaqların fərdi inkişafına töhfə verən müasir mühit formalaşdıracağını deyib. O qeyd edib: “Hazırda biz dünyamiqyaslı tədbir olan COP29-a ev sahibliyi edən ölkənin vətəndaşları və sizlər gələcəyi olan uşaqlar kimi bu prosesə birgə töhfəmizi verməli, hər birimiz üzərimizə düşən öhdəliyi yerinə yetirməliyik. Bizlər sizlərin inkişafını, siz uşaqlar isə ölkəmizin yaşıl gələcəyinin inkişafını təmin etməlisiniz”.
Uşaq Səfirlər Məclisinin koordinatoru, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi sədrinin müavini Əsmər İsmayılova platformanın fəaliyyət istiqamətləri və vəzifələri barədə təlim iştirakçılarına məlumat verib.
Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri İnci Hüseynli və Əliəkbər Babayev yaşıl dünya naminə həmrəyliyin və bütöv bir ilin bu istiqamətdə tədbirlərə, maarifləndirməyə həsr edilməsinin vacibliyini diqqətə çatdırıblar. Onlar müasirləşən dünyada müsbət dəyişikliklərin mənfi fəsadları da bərabər gətirdiyini, bunun yalnız birgə səylərin nəticəsində həll oluna biləcəyini deyiblər. Uşaq səfirlər, həmçinin dövrün ekoloji problemlərinə toxunaraq qlobal istiləşmə, onun insanlarla bərabər, flora və faunaya təsirindən söz açıblar. Onlar su, od, torpaq və hava – təbiətin dörd ünsüründən yola çıxaraq çirklənmənin formaları və onların bu ünsürlərə təsiri nəticəsində baş verən fövqəladə hadisələri ətraflı şəkildə izah ediblər.
İnteraktiv şəkildə davam edən təlimin gedişində iştirakçılar üçün ekoloji problemlər və uşaqlıq dövründə maarifləndirmənin formalarına dair intellektual oyun keçirilib.
Yekunda uşaqlara fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlim proqramı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təşkil olunub.