Noyabrın 6-da Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimai dinləmə zamanı “Bakı Metropoliteni” QSC tərəfindən Nəsimi rayonunun C.Məmmədquluzadə küçəsində inşa olunan “B04” stansiyasının çıxışları, ADA Universitetinin yaxınlığında Azərbaycan-İtaliya Universitetinin tikintisi üçün ayrılmış sahədə, Nəsimi rayonunun Bakıxanov küçəsi, 631-ci məhəllədə Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin yeni inzibati binasının tikintisi üçün ayrılmış torpaq sahəsində, eyni zamanda Xətai, Binəqədi, Sabunçu, Nizami və Nərimanov rayonları ərazisindəki tikinti şirkətləri tərəfindən inşa olunan layihələrdə layihə altına düşən yaşıllıqlara dair müzakirələr aparılıb.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, ölkə ərazisində, xüsusilə də Bakıda müxtəlif qurumların iştirakı ilə ilboyu ağacəkmə aksiyaları keçirilsə də, statistikaya görə, paytaxtda yaşıllıqların sayı əvvəlki dövrə nisbətən azdır.
Qurum rəhbərinin sözlərinə görə təəssüf ki, bir sıra tikinti şirkətləri layihələrə rəy alarkən yaşıllıqların mühafizəsi, götürülmüş ağacların kompensasiyası ilə bağlı öhdəlik götürsələr də sonradan buna əməl etmirlər: “Layihə əsasında tikinti aparılır, qaz, işıq, su, kanalizasiya xətləri çəkilir, amma növbə yaşıllıq sahəsinə gələndə bu, yaddan çıxır. Bildiririk ki, artıq bununla bağlı müvafiq qurumlara göstəriş verilib. Rəy verilmiş yerlərdə yaşıllıqların salınması ilə bağlı vəziyyətə yenidən baxılacaq və tələblərə cavab verməyən ərazilərlə bağlı bir daha müsbət rəy verilməyəcək”.
Tədbirdə layihələri ictimai dinləməyə çıxarılan şirkətlərin nümayəndələri tikinti zamanı götürüləcək yaşıllıqlarla bağlı öhdəliklərini açıqlayıb, ətraf mühitin mühafizəsi istiqamətində görəcəkləri tədbirlərdən danışıblar.
İctimai dinləmədə Binəqədi rayonunda ağacların kəsilməsi faktı qeyri-hökumət təşkilatları nümayəndələri tərəfindən sərt şəkildə qınanıb, belə halların yolverilməz olduğu diqqətə çatdırılıb.