“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli-Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin növbəti 2024-cü il mərhələsi işini davam etdirir. İslam Əməkdaşlıq Gənclər Forumunun Bakıdakı Avrasiya Regional Mərkəzi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihədə hazırda 100-dən çox gənc iştirak edir.
İƏT-dən AZƏRTAC-a bildiriblər ki, builki proqramın əsas mövzusu COP29, ətraf mühitin qorunması və yaşıl dünya problemlərinə həsr olunub. Bu yaxınlarda keçirilən mühazirələr çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfiri Məhəmməd Murad Əl Blaşi “COP 28 dövründə BƏƏ-nin iqlim diplomatiyasında liderliyi”, Braziliyanın Azərbaycandakı səfiri Manuel Lopes da Kruz “COP30-a gedən yolda çağırışlar və imkanlar”, Milli Məclisin deputatı, BMT-nin Azərbaycan COP29 iqlim dəyişikliyi üzrə yüksək səviyyəli nümayəndəsi Nigar Arpadarai və Azərbaycan COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova “İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu və yaşıl dünyanın qorunması: Azərbaycanın COP29 siyasəti” mövzuları üzrə çıxış ediblər. Mühazirəçilər tələbələrin müxtəlif suallarını cavablandırıb.
İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. İki ay ərzində keçirilmiş mühazirələrdən sonra tələbələr “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarında iştirak edir. Münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanırlar.
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan çox İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqli şəkildə təmsil ediblər.