Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya – sağlam həyat” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının, İmişli rayonu üzrə Təhsil sektorunun rəhbərliyi, partiya fəalları, müəllimlər və şagirdlər iştirak ediblər.
İmişli şəhər 7 saylı tam orta məktəbin həyətində keçirilən tədbirdə şagirdlərin çəkdikləri rəsm əsərləri nümayiş olunub. Tədbirdə çıxış edənlər bildirib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan ölkələrdəndir. Diqqətə çatdırılıb ki, ötən il ölkə rəhbəri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Həmçinin tədbirdə dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açılıb. Daha sonra ağacəkmə aksiyası keçirilib. Boş qalan sahələr təmizlənib, ağaclar üçün çuxurlar qazılıb və yeni tinglər əkilib. Həmçinin yeni salınan yaşıllıq zolağına aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyası zamanı həmişəyaşıl və digər növ ağacların tingləri əkilib.