Mayın 31-də “LINKS Europe təşkilatı” “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “İqlim dəyişiklikləri, sülh və təhlükəsizlik: COP29 və sonra” mövzusunda paralel tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən LINKS Europe Fondunun direktoru Dennis Sammut mayın 3-də keçirilmiş Sülh və İqlim qarşılıqlı əlaqəsi üzrə Bonn dialoq görüşü haqqında məlumat verib. Qeyd edilib ki, Bonnda yaradılan əlaqə qrupu COP29-a gedən mərhələdə su qıtlığı, ərzaq təhlükəsizliyi və mina ilə çirklənmə kimi mühüm məsələlərlə məşğul olur.
COP29 Sədrliyinin danışıqlar qrupunun müşaviri, xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərov çıxışında COP29 Sülh Günü ilə bağlı “İqlim dəyişiklikləri və sülh” ideyasına dair fikirlərini bölüşüb və COP29-a Azərbaycan Sədrliyinin bu məsələlərə inklüziv yanaşmasını vurğulayıb.
London Universitetinin Şərq və Afrika Araşdırmaları Məktəbindən Sarah Njeri mina çirklənməsi və iqlim dəyişikliyi fəlakətləri ilə üzləşən icmaların dayanıqlığına dair çıxış edib.
Konkret tədbirlərə dair təkliflər üzrə açıq müzakirələrlə davam edən konfransda COP29 çərçivəsində sülh və təhlükəsizlik məsələləri, iqlimə həssas mina fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir “COP29 – Sülh və iqlim qarşılıqlı əlaqəsi üzrə Bakı çağırışı” ilə başa çatıb.
Tədbirdə, həmçinin COP29 zamanı sülh və təhlükəsizlik məsələləri üzrə praktikyönümlü layihə və təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.