üzüm

İspaniya, İtaliya, Yunanıstan və Cənubi Kaliforniyanın sahil və düzənlik bölgələrində şərab istehsalının ümumi həcminin təxminən 90 faizi iqlim dəyişikliyi ucbatından bu əsrin sonuna qədər məhv olmaq təhlükəsi ilə üz-üzədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Bordo Universitetinin alimləri “Nature Reviews Earth & Environment” jurnalında dərc olunan araşdırmada qeyd ediblər.

“Şərablar daha çox taxıl tərkibli olur və dadına görə o qədər də dəqiq ayırd edilmir. Ətirləndirici maddə daha yüksək temperaturda çox sürətlə yayılmağa başlayır. Bütün ətir palitrası dəyişir. Bundan əlavə, şərablar daha çox alkoqollu olur, çünki isti hava şəraitində yığılan üzümlərin tərkibində daha çox şəkər yaranır”, – deyə Alnarpdakı İsveç Kənd Təsərrüfatı Universitetinin meyvə istehsalı və üzümçülük üzrə elmi işçisi Lotta Nordmark bildirib. Digər problem, yazda erkən istiləşmə səbəbindən qönçə və tumurcuqlar həmişəkindən daha tez çiçək açır.

“Qönçə və tumurcuqlar erkən çiçək açır, daha sonra isə gecələr soyuq olanda, onlar donmağa başlayır. Əvvəllər bu bir neçə il aralıqlarla baş verirdi və indi fasilələrin getdikcə azaldığını görürük. Şərabçılar temperaturu artırmaq və tumurcuqları qorumaq üçün üzüm bağlarındakı sıraların arasında tonqal qalayırlar”, – deyə o izah edib.

Problemin həll yollarından biri üzüm bağlarının sərin iqlimin müşahidə olunduğu dağlıq ərazilərə köçürülməsidir. Bordo Universitetinin tədqiqatçıları Avropanın yeni əraziləri qismində İngiltərənin cənubunu, İrlandiyanı, Hollandiyanı, Belçikanı, Şimali Almaniyanı və Skandinaviyanın cənubunu ayırd edirlər.

“Artıq bu gün İsveçdə yetişdirilən üzüm beynəlxalq səviyyədə tanınır. Üzüm bağlarının əksəriyyəti Skone və Hallandda yerləşir, lakin Qotlandda və Elandın cənubunda da əkinlər var. Bununla belə, əkin işləri sahil yaxınlığında aparılmalıdır, çünki bu zaman üzümün payızda yetişməsinə şərait yaradan yığılmış suyun istiliyindən faydalanmaq mümkün olacaq”, – Lotta Nordmark qeyd edib.

Əvvəlki məqaləBiləsuvarda qanunsuz ağac kəsən şəxslər barəsində tədbir görülüb
Növbəti məqalədəBu gündən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir