“Mamont” qurğusu
“Mamont” qurğusu

İslandiyada “Mamont” adlı qurğu işə salınacaq. Dünyada ən iri olan bu qurğu hər hansı analoji obyekt ilə müqayisədə 10 dəfə daha çox karbon qazı udacaq.

AZƏRTAC xəbər verir ki, “Mamont” qurğusu 72 böyük ventilyatordan ibarət olacaq. Bu ventilyatorlar havanı özünə çəkərək, onun tərkibindəki karbon qazını filtrdən keçirəcək, sonra isə bu qazı torpaq altında saxlamaq mümkün olacaq. Havanın birbaşa udulması texnologiyası (“direct air capture”, DAC) atmosferdə karbon qazının azaldılmasına istiqamətlənib. Gələcəkdə proqnozlaşdırılır ki, bu, atmosferdə karbon qazının miqdarının azaldılması üsullarından birinə çevriləcək, istixana qazları tullantılarının tamamilə aradan qaldırılması mümkün olmayan kənd təsərrüfatı və gəmiçilik kimi sahələri kompensasiya edəcək.

“İlk ventilyatorlar mayın əvvəlində istismara verilib. “Mamont” atmosferdən ildə təxminən 36 min ton karbon qazı əldə edəcək”, – deyə “Climeworks” şirkətinin mətbuat üçün açıqlamasında bildirilir.

“Climeworks” şirkətinin proqnozuna görə, 2030-cu il üçün onlar hər il atmosferdən milyonlarla ton karbon qazı təmizləməyə başlayacaq, təxminən 2050-ci ilədək hər il milyard tondan çox gücə nail olacaqlar. Cədvəlin necə baş tutacağından asılı olmayaraq, görünür, tezliklə “Mamont” hazırda Texasda tikilən nəhəng “Stratos” layihəsini özündən irəli buraxacaq. İstehsal gücü ildə 500 min ton karbon qazını atmosferdən ayıran “Stratos” gələn il işə salınacaq.

Beynəlxalq Energetika Şurasının məlumatına görə, əgər indi planlaşdırılan bütün DAC obyektləri həqiqətən reallığa çevrilərsə, o halda bu onilliyin sonunda karbon qazının dünya üzrə toplanması ildə təxminən 65 milyon tona çatar. Texnologiyaların köməyi ilə karbon qazının udulması prosesinin dəyəri çox yüksəkdir. O, hazırkı iqlim siyasətində karbon qazı tullantılarının qiymətindən xeyli yüksəkdir. Bu yaxınlarda “Joule” elmi jurnalında dərc edilən tədqiqata uyğun olaraq, atmosferdən 1 ton karbon qazının təmizlənməsi prosesinin qiyməti 226 dollardan 835 dollaradək təşkil edə bilər.

Enerji istehlakı yüksək qiymət tələb edən amildir. Bu, “Climeworks” şirkətinin özünün ilk irimiqyaslı qurğularının ucuz geotermal enerjiyə əlçatanlığın olduğu İslandiyada yerləşdirməsinin səbəblərindən biridir.

Əvvəlki məqaləAzərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib
Növbəti məqalədəİndoneziyada vulkan püskürməsi baş verib