Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənc fotoovçu yaşıl kənddə” adlı layihə həyata keçirilir.
Gənclər Mərkəzindən AZƏRTAC-a bildirilib ki, layihənin müddəti 3 aydır.
İsmayıllı rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki, layihə gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox, fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda, yerli və xarici ekoturistlərin marağına səbəb olmaq əsas məqsədlərdən biridir: “Ekoturistləri cəlb etmək üçün qoruqların da müstəsna əhəmiyyəti var. Ölkəmizdə kifayət qədər qoruqların, yasaqlıqların mövcudluğu da ekoloji turizmin inkişafına şərait yaradan əsas amillərdən birinə çevrilə bilər. Bunun üçün həmin məkanlara gənc fotoqrafçılar aparmaq, çəkilən fotoları sosial şəbəkələrdə paylaşmaqla ekoturizmin inkişafına töhfə vermiş olarıq. Eyni zamanda, yaşıl kəndlərin füsunkar mənzərələri ilə yanaşı, təbiətdəki canlıları silahla yox, fotoaparatla ovlamağı, təbiətin gözəlliklərini minlərlə insanlara göstərməklə zövq almağına xidmət edəcək. Layihənin COP29-un keçirilməsi ərəfəsində icra olunması daha mühüm əhəmiyyət kəsb edir”.
Layihə rəhbəri qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin noyabrın 11-22-də Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Vurğulanıb ki, bu günlərdə Bakıda keçirilən qlobal tədbir uğurla başa çatıb.
Tədbirdə çıxış edən İsmayıllı Rayonu İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar şöbəsinin müdir müavini Nəsimi Teymurov, İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, Regional Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin əyani şöbəsinin müdiri Elmir Ağayev Gənclər Mərkəzi İctimai Birliyinin layihəsinin şimal regionunda keçirilməsini və regionun füsunkar yaşıllığının təbliğ olunmasındakı fəaliyyətinə görə təşəkkür ediblər və İsmayıllı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”ndə görülən işlərdən danışıblar. Tədbir iştirakçılarına “Gənc fotoovçu”, Gənclər Mərkəzi İctimai Birliyinin əməkdaşı Rahib Hacıyevin çəkdiyi fotolardan və məlumatlardan ibarət bukletlər, qovluqlar paylanılıb, iştirakçılara sertifikatlar verilib. Nəsimi Teymurova və Gülnarə Mirzəliyevaya İsmayıllı rayonunda gənclər arasında maarifləndirici tədbirlərin təşkilində fəal iştirakına və dəstəyinə görə Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” mükafatı verilib.