İspaniya

İspaniyada son 30 ilin ən ölümcül daşqınlarında azı 64 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, ötən gün Valensiyanın şərq bölgəsinə yağan güclü yağış yolları və şəhərləri su altında qoyub.

“Bütün İspaniya hələ də yaxınlarını axtaranlarla birlikdə kədərlənir”, – deyə İspaniyanın Baş naziri Pedro Sançes televiziya ilə çıxışında “küçələri, meydanları, körpüləri yenidən quracağını” vəd edib.

Valensiya regional lideri Karlos Mazon bəzi insanların təcrid olunduğunu söyləyib. “Təcili yardım xidmətləri gəlməyibsə, bu, maliyyə çatışmazlığı ilə deyil, əlçatanlıq problemləri ilə əlaqədardır”, – deyə Mazon mətbuat konfransında bildirib və əlavə edib ki, bəzi ərazilərə çatmaq “tamamilə mümkün deyil”.

Daşqına görə Madrid və Barselonaya qatar reysləri ləğv edilib, ən çox zərər çəkmiş bölgələrdə isə məktəblər və digər vacib xidmətlərin işi dayandırılıb.

Turis, Çiva və Bunyol şəhərləri kimi Valensiyanın bəzi hissələrinə 400 mm-dən çox yağıntı yağıb ki, bu da bir illik yağıntı normasına bərabərdir.

Kral Felipe ölkənin fövqəladə hallar xidmətlərinin kömək etmək üçün əlindən gələni etdiyini söyləyib və “çox sayda insan tələfatı ilə bağlı” başsağlığı verib.

Alimlərin fikrincə, Avropada iqlim dəyişmələri səbəbindən ekstremal hava hadisələri daha tez-tez baş verir. Meteoroloqlar suyun buxarlanmasını artıran Aralıq dənizinin istiləşməsinin güclü yağışların artmasında əsas rol oynadığını hesab edirlər.

Əvvəlki məqaləBakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb
Növbəti məqalədəCəbrayılda 229 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib