ağcaqanad

İqlim dəyişikliyi invaziv növlərin Avropada yayılmasına təkan verir və bunu nəzərə alan İspaniya laboratoriyasının alimləri denge qızdırması və digər xəstəliklərlə mübarizə aparmaq üçün “pələng ağcaqanadı” adlanan minlərlə həşəratı sterilizasiya edirlər.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Valensiyadakı regional hökumət tərəfindən maliyyələşdirilən Bioloji Zərərvericilərlə Mübarizə Mərkəzi elektron sürətləndiricidən istifadə edərək hər həftə təxminən 45 min erkək ağcaqanadı sterilizasiya edir və sonra havaya buraxır. Məqsəd onların insanlar arasında xəstəlikləri ötürən dişilərlə cütləşə bilməsi və nəticədə ağcaqanadların ümumi sayının azalmasıdır.

Valensiya bölgəsinin səhiyyə, kənd təsərrüfatı mütəxəssisi Visente Dalmau bildirib: “Bu, iqlim dəyişikliyi səbəbindən daha çox yayılmış bir növdür. Onun ilboyu daha uzun müddətdə inkişafı üçün əlverişli mühit var və populyasiyaları daim artır. Çoxalma üçün nümunələr bölgələrdən gəlir və alimlər daha sonra erkək ağcaqanadları sterilizasiya etmək üçün radiasiyadan istifadə etməzdən əvvəl dişiləri onlardan ayırmaq məqsədilə xüsusi aparatdan istifadə edirlər”.

Sterilizasiya üsulları dünyanın digər yerlərində də istifadə olunub, lakin laboratoriya meyvə milçəkləri ilə bağlı təcrübədən istifadə edərək, ağcaqanadlardan qaynaqlanan denge, zika kimi xəstəliklərin artması ilə bağlı narahatlığın artdığı bir vaxtda bu metodların Avropada “pələng ağcaqanadları”nda tətbiqinə başlayıb. Avropada Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatları denge xəstəliyinin endemik olduğu bölgələrdən yayılması hallarının artdığını, həmçinin Avropada Qərbi Nil virusuna yoluxmaların çoxaldığını göstərir. Ən çox zərər görən ölkələr isə Afrikaya yaxın olan İspaniya və İtaliya sayılır.

Əvvəlki məqaləCOP29 Azərbaycan Əməliyyat Şirkəti “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqə elan edir
Növbəti məqalədəSabah bəzi yerlərdə 36 dərəcə isti olacaq