Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatının baş katibi Kayrat Sarıbay
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatının baş katibi Kayrat Sarıbay

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatının baş katibi Kayrat Sarıbay Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində iştirak edib.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Kayrat Sarıbay BMT rəsmiləri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirib. Onun BMT Baş katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə yüksək səviyyəli nümayəndəsi Migel Moratinos ilə görüşündə dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində AQEM Gənclər Şurası ilə Qazaxıstan və Azərbaycanın təşəbbüsləri, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir Sarıbay, həmçinin BMT Baş katibinin müavini Li Junhuanı ilə görüş əsnasında Bakıda keçiriləcək COP29 iqlim konfransının əhəmiyyətini qeyd edib və AQEM Nazirlər Şurasının iclasına hazırlıqla bağlı məsələlər haqqında məlumat verib. O vurğulayıb ki, Bakı BMT-nin bu mötəbər tədbiri ilə bağlı mühüm təşəbbüslərlə çıxış edir. Görüşdə beynəlxalq inkişaf məsələləri, o cümlədən gənclərin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflər də səsləndirilib.

Asiyada çoxtərəfliliyin gücləndirilməsi BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə köməkçisi Xalid Xiari ilə görüşün əsas müzakirə mövzusu olub. Danışıqlarda cari regional və qlobal çağırışlar, inkişaf layihələri və AQEM-in etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi üçün yollar araşdırılıb.

AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.

Azərbaycan AQEM-in çağırılması ilə bağlı təşəbbüsü dəstəkləyən ilk dövlətlərdən biri olub. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyalarını yerinə yetirir. Bu xüsusda, Azərbaycan tərəfi 20-21 aprel 2011-ci il tarixlərində Bakıda etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi edib, 2021-ci ilin sentyabrında isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşünü virtual formatda təşkil edib. 2018-ci il aprelin 13-14-də Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da keçirilib.

Əvvəlki məqaləPlastik və şüşə butulka, işlənmiş batareya əvəzinə ekoçanta
Növbəti məqalədəSabaha olan hava proqnozu açıqlanıb