Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov

KOB sektorunda “yaşıl siyasət və strategiya”ların geniş tətbiqi üçün kifayət qədər potensial mövcuddur. Biz beynəlxalq inkişaf təşkilatları ilə birgə bu sahədə təhlillər aparmışıq.

AZƏRTAC xəbər verir ki, bunu “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib

O, qeyd edib ki, KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması istiqamətində qarşılaşdığı problemləri 3 qrupa bölmək olar: məlumat və bilik çatışmazlığı, potensial və bacarıqların aşağı olması, maliyyə resurslarına çıxış imkanının məhdud olması.

““Yaşıl konsepsiya”nın tətbiqi üzrə işlərimiz davam edir. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu çərçivəsində həm yerli, həm də beynəlxalq müstəvidə ilk təcrübə olaraq “Yaşıl biznes standartı”nın hazırlanması üzərində çalışırıq. Onu da qeyd edim ki, KOBİA artıq bu ilin fevral ayından BMT-nin Qlobal Sazişinə üzv olub. Bu gün “ACWA Power” şirkəti ilə imzalayacağımız Anlaşma Memorandumu isə KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur. KOB-ların “yaşıl transformasiya” sahəsində qarşılaşdığı problemlər universal xarakter daşıyır. Bu baxımdan, hazırkı tədbirin yaratdığı imkandan faydalanaraq qlobal təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsində əks olunub. Sənəd preambula və operativ həll hissələrindən ibarətdir. İlk hissədə KOB-ların dünya iqtisadiyyatında mövcud rolu, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında əhəmiyyəti və müvafiq istiqamətdə qlobal resursların səfərbər edilməsinin vacibliyi məsələlərinə toxunulur. Operativ həll hissəsində isə yuxarıda sadalanan KOB-ların qarşılaşdığı 3 əsas problemli sahələr üzrə fəaliyyət istiqamətləri təklif olunur. Sənəddə həmçinin, qlobal səviyyədə şəbəkələşmənin təmin edilməsi və institusional əlaqələndirmə platformasının təmin edilməsi üçün “Yaşıl KOB Resurs Mərkəzləri”nin yaradılması təşəbbüsü irəli sürülür”, – deyə Orxan Məmmədov əlavə edib.

KOBİA sədrinin sözlərinə görə, hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların ölkədə qarşılaşdığı spesifik problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübə qazanaraq konkret addımların müəyyən edilməsindən, o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaq: “Beləliklə, KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsinin beynəlxalq səviyyədə qəbulu və KOB sektoru üzrə daha çox maraqlı tərəflərin qoşulması üçün İqtisadiyyat Nazirliyinin koordinasiyası ilə təşviq kampaniyası və əlaqələndirmə işləri aparmağa hazırıq”.

Əvvəlki məqaləHindistanda ildırım vurması nəticəsində 7 nəfər ölüb
Növbəti məqalədə“Yaşıl Həmrəylik – 2024” ideya müsabiqəsi təşkil edilib