Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstək kimi başa düşülməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Sadiq Qurbanov deyib.
O bildirib ki, Azərbaycanın mühüm qlobal konfransa ev sahibliyi onun beynəlxalq nüfuzunun və ekoloji gündəliyə sadiqliyinin nümayişi, eyni zamanda, beynəlxalq aləmdə ölkəmizə olan dərin etimadın və hörmətin sübutudur. “Şübhə etmirik ki, Azərbaycan COP29-u da ən yüksək səviyyədə keçirəcək. Bunu deməyə çox sayda əsasımız var. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı 120 ölkənin dəstəyini qazanmağı bacarıb və etimadı tam doğruldub. Bütün bunlar onu deməyə əsas verir ki, dünyanı təhdid edən ekoloji problemlərin həlli üçün Bakı platforması mühüm rol oynayacaq”, – deyə komitə sədri əlavə edib.