Zaqatalanın Yuxarı Tala kəndinin cənub hissəsinə yağan güclü leysan yağışları kəndin daxilindən keçən Dəyirmançayda suyun artmasına və daşqınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, nəticədə fərdi təsərrüfatlara, kənddəki bir sıra infrastrukturlara ciddi zərər dəyib.
Kənd sakini Mövləddin Qurbanəliyevin təsərrüfatı kəndin yuxarı hissəsində yerləşir. Dəyirman çay onun həyətindən keçir. Həyatında ilk dəfədir belə bir təbii fəlakətlə üzləşdiyini deyir: “Axşamdan dərələrə o qədər güclü leysan yağıb ki, onun nəticədə sel-sular həyət-bacaya dolub”.
M.Qurbanəliyev sel-suların onun təsərrüfatında 25-ə yaxın gənc arı ailəsini məhv etdiyini bildirir. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ona 15-20 min manat civarında zərər dəyib.
Kənd bələdiyyəsinin sədri Eldar Qanzayev bildirir ki, axşamdan başlayaraq Rayon Fövqəladə Hallar Komissiyasının və Suvarma Sistemləri İdarəsinin maşın və texnikaları ərazidə təmizləmə işləri aparır.