Avqustun 9-da Milli Hidrometeorologiya Xidmətinin Maştağa qəsəbəsində yerləşən aeroloji stansiyasında müşahidələr bərpa edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevə Maştağa İxtisaslaşmış Aeroloji Stansiyasından radiozondun buraxılmış trayektoriyası və iş prinsipi barədə ətraflı məlumat verilib. Sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin və nazirliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə ilk radiozond hava şarı buraxılıb.
Media nümayəndələrinə açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qeyd edib ki, Erkən Xəbərdarlıq Sisteminin əsas tərkib hissələrindən olan aeroloji müşahidələr zamanı havaya buraxılan radiozond 30 kilometrdən artıq yüksəkliyədək və 200 kilometr radiusda mütəmadi olaraq meteoroloji göstəriciləri – temperaturu, rütubəti, küləyin parametrlərini, atmosfer təzyiqini öyrənmək imkanı verəcək, bu da öz növbəsində əhaliyə təqdim olunan hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyini daha da artıracaq. Radiozond atmosfer təbəqələrinə qalxdıqca müxtəlif hündürlüklərdə ölçülmüş meteoroloji elementləri radiosiqnallar vasitəsilə serverə ötürəcək.
Aeroloji müşahidələr hava proqnozlarının tərtib edilməsində mühüm əhəmiyyət kəsb edəcək və bu müşahidə sisteminin bərpası ölkəmizdə hidrometeorologiya sahəsinin inkişafına töhfə verəcək.
Xidmət rəisinin sözlərinə görə, aeroloji müşahidələr dövlət investisiya layihəsi çərçivəsində bərpa edilib və ölkəmizin beynəlxalq hava proqnozu yayımının tərkib hissəsi olaraq Qlobal Erkən Xəbərdarlıq Sisteminə inteqrasiyası davam edəcək. Yeni stansiyanın fəaliyyətə başlaması, eyni zamanda, Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma sahəsində həyata keçirilən mərhələli tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilir.
Yaxın gələcəkdə ölkəmizdə Erkən Xəbərdarlıq Sisteminin inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcək.