“Təmiz ölkəm” devizi ilə növbəti dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 11 may tarixindən hər həftə sonu təşkil ediləcək maarifləndirici təmizlik aksiyalarına start verilir.
“Report” xəbər verir ki, bunu ETSN-nin sözçüsü İradə İbrahimova deyib.
Onun sözlərinə görə, mövsümi təmizlik aksiyaları bütün respublikanı əhatə edəcək, məqsəd hər kəsi öz atdıqları tullantıları toplamağa sövq etməkdir:
“Gözləntimiz odur ki, “Təmiz ölkəm” sadəcə deviz, şüar olaraq qalmasın, evimiz kimi ölkəmizin də hər bucağı tərtəmiz olsun. Bu, hər birimizin məsuliyyətidir və təmizlik aksiyalarında iştirak etmək, örnək göstərmək vətəndaşlıq borcumuzdur. Çünki cəmiyyəti narahat edən məsələlərdən biri də xüsusilə istirahət mövsümündə ərazilərin çirkləndirilməsidir. Yay gəlir, təbiət turizmi mövsümü başlayır. Gəlin, tullantıları hara gəldi atmayaq və onlara nəzarət edək. “Təmiz ölkəm” üçün hər kəs öndə getsə, “zibili hara gəldi atmaq” vərdişinin yox edilməsinə çalışsa, ərazilərimizi çirkləndirən kimsə qalmaz”, – deyə o qeyd edib.