Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
MDU-nun fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova çıxış edərək Azərbaycanın COP29-a ev sahibliyi etməsinin iqtisadi və siyasi əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizin 2024-cü ildə COP29-a sədrliyi regional, həm də qlobal səviyyədə mühüm bir hadisədir. T.Yusibova çıxışında iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünya miqyasında atılan addımlarda Azərbaycanın oynadığı rol, həm ölkəmizin qlobal miqyasda nüfuzunu artırdığını, həm də qlobal şimal və cənub arasında körpü funksiyasını yerinə yetirdiyini diqqətə çatdırıb.
Sonra dəyirmi masanın proqramına uyğun olaraq kafedranın müəllimlərinin məruzələri dinlənilib.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və müzakirələr aparılıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.