“Meşənin pıçıltısı — səsin sehri” adlı incəsənət sərgisi

Oktyabrın 30-da azərbaycanlı rəssam Elnarə Nəsirlinin “Meşənin pıçıltısı — səsin sehri” adlı incəsənət sərgisinə dair mətbuat konfransı olub.

AZƏRTAC xəbər verir ki, sərgi Latviya Respublikasının əsas təşkilatçılığı ilə Latviya Kənd Təsərrüfatı Nazirliyi, Meşə İdarəçiliyi Agentliyi, SİLAVA təşkilatı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universiteti, IDEA təşkilatı və “Gazelli Art House Baku” ilə birgə tərəfdaşlıq əsasında həyata keçiriləcək.

Tədbirdə çıxış edən Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya noyabrın 8-dən etibarən “Meşənin pıçıltısı — səsin sehri” adlı sərginin açılacağını bildirib. O, sərginin təbiətə həsr olunduğunu qeyd edib.

“Meşənin pıçıltısı — səsin sehri” sərgisində musiqini əks etdirən səs texnologiyasından innovativ istifadə vasitəsilə Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyi, yerli növlərdən olan müxtəlif bitkilərdən alınan musiqi səsləri təqdim ediləcək”, – deyə E.Skuya vurğulayıb.

Əməkdar rəssam, sərginin kuratoru Səbinə Şıxlinskaya COP29 iqlim konfransında Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən bir çox tədbirlər keçiriləcəyini deyib. Diqqətə çatdırıb ki, belə layihələrdən biri də “Meşənin pıçıltısı — səsin sehri” adlı sərgidir. O, bu sərginin ən unikal layihələrdən biri kimi yadda qalacağına ümidvar olduğunu bildirib.

“Sərgi və bu sərgi çərçivəsində planlaşdırılan digər tədbirlər ekoloji maarifləndirmənin və fəaliyyətin artırılmasında mədəniyyətlərarası əməkdaşlığın mühüm rolunu vurğulayır. Bu tədbirlərə panel müzakirələr, Latviya sənədli filmlərinin nümayişi, sərgiyə bələdçi ilə ekskursiyalar da daxildir”, – deyə S.Şıxlinskaya qeyd edib.

Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev incəsənət və elmin unikal birləşməsi olan bu sərginin hər iki xalqın ətraf mühitə necə böyük önəm verdiyinin göstəricisi olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, “Meşənin pıçıltısı” həm şəxsi, həm də ekoloji canlanmanı özündə simvolizə edən COP29 ilə əlaqədə daha geniş rezonans doğuracaq. Bu sərgi tamaşaçıları varlığımızı dəstəkləyən görünməz sistemlər, habelə texnologiya və təbiətin birgə yaşayışı haqqında düşünməyə sövq edəcək.

Sərgi ictimaiyyət üçün noyabrın 8-dən 2025-ci il fevralın 1-dək “Gazelli Art House” Bakı Qalereyasında açıq olacaq.

Əvvəlki məqaləCOP29 prezidenti BMT baş katibinin müşaviri ilə iqlim təşəbbüslərini müzakirə edib
Növbəti məqalədəBakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb