Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 28 may – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçən bütün şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
İnstitutun baş direktoru akademik İradə Hüseynova 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb. Akademik bildirib ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb. İradə Hüseynova Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olduğunu söyləyib. Diqqətə çatdırıb ki, bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqın yaddaşına əbədi həkk olunub.
İradə Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Akademik Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini vurğulayıb. İnstitut rəhbəri məhz Prezident, Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun sayəsində Azərbaycan xalqının 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşıladığını söyləyib.
Tədbirdə AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İbrahim Əzizov, biologiya üzrə elmlər doktoru Atabəy Cahangirov, biologiya üzrə fəlsəfə doktorları Nərgiz Bayramova, Nahidə Əliyeva, şəhid qardaşı Fəzail Məmmədov, institutun əməkdaşı Raisa İsmayılova və institutun gənclərin adından Afət Dadaşova çıxış edərək müstəqilliyimizin əbədi olması üçün ölkəmizin hər bir vətəndaşının səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməli olduğunu vurğulayıblar.