COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransı

İyulun 19-da COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bütün tərəfdaşlarla – bələdiyyələr, xeyriyyəçilik təşkilatları, vətəndaş cəmiyyəti ilə əlaqə yaratmağa çalışdıqlarını deyib.

“Çalışırıq ki, bütün tərəfdaşlar COP29-a öz töhfələrini versinlər. Son aylarda sədrlik olaraq komandamızı formalaşdırdıq. Əməliyyat komandamız bacardığı qədər ən yaxşısını etməyə çalışır. Sədrlik olaraq 14 təşəbbüs irəli sürmüşük. Təşəbbüslər bütün tərəfdaşlarla birgə hazırlanıb”, – deyə N.Arpadarai qeyd edib.

Mətbuat konfransında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın COP29-un örnək olması ilə bağlı öhdəlik götürdüyünü diqqətə çatdırıb: “Biz sədrlik olaraq regional fəaliyyətləri həyata keçirmək üçün təşəbbüslər irəli sürmüşük. Bütün tərəfləri bir araya gətirməyə, iqlim böhranlarından əziyyət çəkən milyonlarla insanın səsini eşitməyə çalışırıq. Onlar dərhal addımlar atılmasını tələb edirlər. COP29-da toplandığımız zaman bu icmaları diqqətimizdə saxlamalı, ortaq öhdəliklər və mənəvi borclarımız haqqında düşünməliyik”.

COP29 Azərbaycan Sədrliyinin ilk məktubları tərəfdaşlara göndərdiyini vurğulayan M.Babayev deyib: “Həmin məktubda atılacaq addımların sürətləndirilməsinə çağırış etdik. Bütün prinsipləri, öz vizyonumuzu, atılan addımları və əsas dönüş nöqtələrini nəzərə alaraq şəbəkələr və koordinasiyalı addımlar vasitəsilə bu uğurlu mərama çatmalıyıq. COP29 Sədrliyi ədalətli və məsuliyyətli olmalı və 6-cı maddənin yekunlaşdırılmasına çalışmalıdır. Biz bütün digər prioritetlərimizi də həyata keçirməli, “Heç kimi geridə qoymamaq” prinsipi ilə harmoniya şəraitində fəaliyyət göstərməliyik. Bütün iqlim sütunlarının, qlobal, regional, milli və digər qrupların da fikirlərini nəzərə alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq. Bunu inklüziv şəkildə həyata keçirməli və nəticələr əldə etməliyik”.

Mətbuat konfransına videoformatda qoşulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still iqlim dəyişikliyi nəticəsində fəlakətlərin dünyanın hər yerində özünü göstərdiyini deyib. Qeyd edək ki, BMT vasitəsilə əməkdaşlıq edərək belə böhranların qarşısını almağa çalışmaq lazımdır. COP29 iqlim dözümlülüyünün artırılması üçün yeganə şansdır. COP29 Azərbaycan Sədrliyi daha iddialı fəaliyyət göstərmək və maliyyə öhdəlikləri götürülməsinə diqqəti cəlb etmək üçün fəal çalışır. COP sədrlikləri troykası öz öhdəliyini – iqlim dəyişikliyi üzrə fəaliyyət planını açıqladı. Bu, temperaturun 1,5 dərəcədən aşağı saxlanılması öhdəliyinə sadiqliklə bağlıdır. Bütün dövlətlər müxtəlif sektorlarda öz öhdəliklərini yerinə yetirməli və bu sahəyə daha çox investisiya qoyulmalıdır. Təəssüf ki, yalnız 15 ölkənin milli adaptasiya planı var və bu, çox aşağı göstəricidir. Maliyyələşməni artırmaq üçün bu sahəyə daha çox vəsait yönəldilməlidir. Dəyən ziyanın qarşısını almaq üçün maliyyə vəsaiti artırılmalıdır. Qarşıdan gələn COP bizə çox böyük ümidlər verir. Bu istiqamətdə kollektiv şəkildə uğurlar əldə etməliyik.

Maliyyə boşluqlarını doldurmaq üçün funksional beynəlxalq maliyyə nəzarəti olmalıdır. Odur ki, 6-cı maddə Bakıda keçiriləcək COP29-da əsas müzakirə mövzusu olmalıdır. Biz öz rolumuzu oynamalıyıq. Fikir ayrılıqlarına baxmayaraq, Bakıda keçiriləcək görüşdə qarşıda duran çağırışlarla bağlı səylərimizi birləşdirməyə çalışmalıyıq”, – deyə S.Still bildirib.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sözlərinə görə, iqlim maliyyə fəaliyyət fondunun yaradılması əsas təşəbbüslərdən biridir.

“Əsas çağırışların aradan qaldırılması üçün maliyyə çatışmazlığını görərək biz buna yeni bir yanaşma ilə maliyyə mexanizminin yaradılmasını təklif edirik. İqlim maliyyə fəaliyyət fondunun yaradılması üçün ənənəvi enerji istehsalçılarının bu fonda töhfələrini verməsi və qrant əsaslı maliyyələr ayrılmasını təklif edirik. Bu fonda əsas töhfə verənlər özəlliklə neft-qaz və kömürdən istifadə edən ölkələrdir. Həmin Fond vasitəsilə 1 milyard dollar vəsait toplamağa çalışırıq.

Qrant əsaslı töhfələrin verilməsini lazım bilməyimizin əsas səbəblərindən biri odur ki, kiçik ada dövlətləri təbii fəlakət baş verəndə və bununla bağlı beynəlxalq təşkilatlara müraciət edəndə gec cavab alırlar və cavab aldıqları vaxt dəstəyə artıq ehtiyac duymurlar. Biz daha operativ maliyyə qurumunu yaratmağa çalışmalıyıq ki, onlar təbii fəlakət baş verdiyi zaman artıq operativ cavab versinlər. Ayrılan vəsaitin 50 faizi iqlim layihələrinə, yaşıl enerji texnologiyalarına enerji səmərəliliyi və iqlim dəyişikliyinə dözümlülüyün artırılmasına yönələcək. İnvestisiyalardan gələn gəlirlərin 20 faizi isə 2R2F adlandırdığımız maliyyə mexanizmi vasitəsilə inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bu fond kiçik və orta bərpaolunan enerji istehsalçılarına da dəstək göstərəcək ərzaq və kənd təsərrüfatı sahəsinə sıfır səviyyəsinə çatmağa imkan verəcək”, – deyə Yalçın Rəfiyev bildirib.

COP29-un baş icraçı direktoru energetika nazirinin müavini Elnur Soltanovun sözlərinə görə, qlobal istiləşmə ilə bağlı 1,5 dərəcəni saxlamaq hədəflərdəndir: “BP-nin enerji ilə bağlı son proqnozunda da qeyd edilib ki, hətta 2050-ci il üçün nəzərdə tutulan xalis sıfır ssenarisində qlobal elektrik istehsalının 1 faizi kömürdən əldə edilə bilər. Bu kontekstdə 1,5 dərəcə hədəfinə uyğunlaşmaq, həm də karbohidrogenlərin müəyyən rol oynaması mümkündür”.

Əvvəlki məqaləEmmanuel Makron Fransanın ekoloji öhdəliklərinə qarşı çıxır
Növbəti məqalədəCOP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib