“Gələn həftə gündəliyimizdə COP öncəsi tədbirimiz var. Təxminən 70 ölkənin nümayəndəsi Azərbaycanı ziyarət edəcək. Nazir və nazir müavinləri səviyyəsində çox mühüm məsələlər, yeni maliyyələşmə hədəfləri müzakirə olunacaq”.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Şəxsi Maliyyə üçün Yolun yaradılması” mövzusunda dəyirmi masada deyib.
“Bu il Paris sazişinin 6-cı maddəsinə (karbon bazarı və beynəlxalq əməkdaşlığın digər formaları üçün qaydaları müəyyən edir) kifayət qədər müzakirə həsr olunacaq. Özəl sektorun da bu məsələni müzakirə etməsində çox maraqlıyıq. Günümüzdə karbon bazarının 2-3 milyard dollar potensialının 200-300 milyard dollara çatması gözlənilir. Biz də öz növbəmizdə fəaliyyətlərin miqyasını genişləndirmək istəyirik. Odur ki, maliyyə bazarlarına çıxışın sadələşdirilməsini müzakirə edəcəyik. Bu, həm COP zamanı, həm də oktyabrın sonlarında Vaşinqtonda Bank Həftəsində müzakirə olunacaq”, – deyə o bildirib.