Naxçıvanda biomüxtəlifliyin qorunması ilə bağlı tədbirlər icra olunur

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdiriləcək “Naxçıvanda xüsusi mühafizə olunan ərazilər arasında əlaqələnmənin möhkəmləndirilməsi” adlı layihə üçün təfsilatlı layihə sənədinin hazırlamasına başlayıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sözügedən layihənin konsepsiya sənədi GEF və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib və sənəd nazirlik tərəfindən təsdiq olunub. Layihənin hədəf ərazisi Şərqi Kiçik Qafqaz dəhlizidir. Məqsədi isə Naxçıvanda təbii resursların ekoloji cəhətdən dayanıqlı istifadəsinin təşviqi yolu ilə Şərqi Kiçik Qafqaz dəhlizində biomüxtəlifliyin qorunmasıdır.

Məlumat üçün bildirək ki, layihənin icrası üçün xüsusi mühafizə olunan təbiət əraziləri olan Zəngəzur Milli Parkı (42 797 ha), Arazboyu Dövlət Təbiət Yasaqlığı (9118 ha), Ordubad Dövlət Təbiət Yasaqlığı (27869 ha) və Arpaçay Dövlət Təbiət Yasaqlığı (68 911 ha) hədəf kimi götürülüb və Naxçıvanda Şərqi Kiçik Qafqaz dəhlizi daxilində mühafizə, planlaşdırma və operativ idarəetmə potensialının gücləndirilməsi, Naxçıvanda Şərqi Kiçik Qafqaz dəhlizində davamlı kiçikmiqyaslı kənd təsərrüfatı fəaliyyəti və turizmin təşviqi və biliyin paylaşılması, monitorinq və qiymətləndirmə nəzərə alınıb. FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi layihə sənədinin hazırlanması üçün işçi qrupu yaradıb. Layihənin formalaşdırılması prosesinin effektiv əlaqələndirilməsi və lazımi məlumatların toplanması məqsədilə FAO-nun milli eksperti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, xüsusi mühafizə olunan ərazilərin (XMTƏ) rəhbərliyi və işçiləri ilə görüşlər keçirilib, Zəngəzur Milli Parkına sahə səfəri edilib və yegerlərlə də görüşlər təşkil olunub. Görüşlərin nəticəsində layihə çərçivəsində XMTƏ-lərinin işçi heyətinin əməliyyat imkanları artırılması, ehtiyacları müəyyən edərək onlar üçün təlim və bacarıqların inkişafı tədbirlərinin həyata keçirilməsi, milli park əməkdaşlarının adekvat avadanlıqlarla (məsələn, uniforma, təhlükəsizlik avadanlığı, İT avadanlığı, durbin, GPS, fənər, kameralar, dronlar, yanğınsöndürmə avadanlığı və s.), müvafiq nəqliyyat vasitələrilə (yolsuzluq avtomobili, atlar, kvadrosikl, motosikl) təmin edilməsi, rabitə şəbəkəsinin alınması və quraşdırılması, təlim və təcrübə mübadiləsi səfərlərinin təşkili, XMTƏ-ləri üçün patrul zonalaşma sistemi yaradılması, işçi heyətin infrastrukturunun yenilənməsi (məsələn, binalar, müşahidə qüllələri), arıçılıq avadanlıqlarının alınması ilə yerli təsərrüfatlara dəstək verilməsi və digər istiqamətlərdə dəstəyin göstərilməsinin vacib olduğu bildirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Layihə İdarəetmə Bölməsini dəstəkləmək üçün xüsusi struktur yaradacaq.

Əvvəlki məqaləÖzbəkistanda İqlim Şurası yaradılır
Növbəti məqalədəAvstriya İtki və Zərər Fonduna ödənişin məbləğini artırır