Məişət tullantılarının təkrar emala yönləndirilməsi, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, aksiya Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 62 ünvanında baş tutub. Vətəndaşlar tərəfindən ümumi tutumu 350 litr olan plastik, 50 litr şüşə tullantılar və 40 ədəd işlənmiş batareya təhvil verilib.
Ağac əkməyə və tullantıları çeşidləmə vərdişinin formalaşmasına təşviq etmək məqsədilə aksiya iştirakçılarına tullantılar qarşılığında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilən 100 ədəd alma, armud, badam, heyva, sərv, ərik və tuya tingi paylanılıb.