“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər (ETSN) və Gənclər və İdman nazirliklərinin birgə həyata keçirdiyi “Yaşıl dünya könüllüləri” proqramının birinci mərhələsinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı qurum rəhbərlərinin iştirakı ilə ETSN-də hesabat tədbiri keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Məlumat verilib ki, bu il martın 13-dən fəaliyyətə başlayan könüllü qrupu ötən dövr ərzində muxtar respublikada keçirilən elmi-praktik konfranslarda, “1 günə 100 min ağac ək”, “Tullantıları tingə dəyiş”, bir sıra sərgi, ağacəkmə və ekoloji təmizlik aksiyalarında, “Əkinçi bağı”nın salınmasında, ekoloji təqvim günlərinin qeyd edilməsi ilə bağlı tədbirlərdə iştirak ediblər. “Yaşıl dünya könüllüləri”nin həmrəylik yürüşü ilə cəmiyyətə ətraf mühitin mühafizəsi və ekosistemlə bağlı bilgilər, sosial mesajlar ötürülüb. Könüllülər hazırladıqları müxtəlif məzmunlu qrafik posterləri sosial şəbəkə hesablarında yayımlamaqla, təbliğat və məlumatlandırma işi də aparıblar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev dövlət başçısının rəhbərliyi altında “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də COP29-la bağlı ölkəmizdə mühüm addımların atıldığını vurğulayıb, ekosistemin qorunmasında, bu sahədə aparılan təbliğat işlərində gənclərin rolundan bəhs ediblər. Qurum rəhbərləri könüllülük proqramı çərçivəsində gənclərin səmərəli fəaliyyətindən söz açıb, onlara uğurlar arzulayıblar.
Dəyirmi masa formatında keçirilən tədbirdə “Ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsinə dəstək” İctimai Birliyinin üzvlərinin və könüllülərin təklifləri, fikirləri dinlənilib. Rəsmilər onlara ünvanlanan suallara və müzakirəyə çıxarılan məsələlərə münasibət bildiriblər. Müəyyən təkliflər yerində dəyərləndirilib, digərləri təhlil aparılması məqsədilə qeydə alınıb.
Sonda bir sıra tədbirlərin təşkilində göstərdiyi əməkdaşlığa görə İctimai Birliyin üzvlərinə təşəkkürnamə, könüllülərə isə sertifikat təqdim edilib.